İsmayıllının Xanagah kəndində şəhid Kamal Babayevin adını daşıyan bulağın açılışı olub
Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Kamal Babayevin anım günüdür.
Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı , hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və kənd sakinləri şəhidin Xanagah kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra Xanagah kəndində şəhidin adını daşıyan bulağın açılışı olub.
Mərasimdə çıxış edənlər şəhid Kamil Babayevin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.
Anım mərasimində Xanagah kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Şəhidin ailə üzvləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.
Daha sonra Kamal Babayevin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub və şəhidin “Cəsur döyüşçü” medalı ailəsinə təqdim edilib.