Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olunub

25 noyabr 2021 | 16:00

Bu gün İsmayıllı rayonunun Qubaxəlilli kəndindən olan şəhid gizir, feldşer Kənan Səlimzadənin ad günü məzarı yanında qeyd olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanının rəhbərləri, RİH-in əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıb. Sonra S. Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Məlumat üçün bildiririk ki, Kənan Səlimzadə 25 noyabr 1997-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 2014-cü ildə məktəbi bitirdikdən sonra Hərbi Tibb məktəbinə daxil olub. 2016-cı ildə məktəbi bitirdikdən sonra Müdafiə Nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilib. Vətən müharibəsi başlayanda Kənan bir çox yaralı əsgərlərə ilk tibbi yardım göstərərək təxliyə edilmələrinə kömək edib.  Oktyabrın 4-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaralı əsgəri xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır.

Kənan Səlimzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər