Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Psixologiya Mərkəzi yaradıldı

08 dekabr 2013 | 16:00

Ömür yolu çox vaxt arzuladığımız kimi rahat və ürəkaçan olmur. Onun enişi, yoxuşu, çətin məqamları var. İnsanlar hər hansı bir çətinliklə üzləşdikdə kiminsə köməyinə ehtiyac duyurlar. Belə anlarda insan bəzən kimin ona kömək edəcəyini  belə bilmir. Əlbəttə, belə hallarda təcrübəli, dünyagörmüş, bərkədən-boşdan çıxmış insanlara, xüsusən də bu sahə üzrə mütəxəssislərə-psixoloqlara müraciət etməyi düşünürlər. Bunu düşünə bilmək yaxşı haldır. Bəzən isə qarşılaşdığı çətinliklə üz-üzə qalanlar özünə qapanır, nə edəcəyini bilmir.
Dediklərimizin təbii hal olduğunu nəzərə alan, rayonumuzu təmsil edən bir qrup gənc bu qəbildən olan insanlara mənəvi dəstək olmaq, psixoloji yardım göstərmək məqsədi ilə İsmayıllı Psixologiya Mərkəzi yaradılması təşəbbüsü ilə rayon rəhbərliyinə müraciət etmişlər. Bu müraciətə yüksək dəyər verən RİH başçısı Mirdaməd Sadıqov  Mərkəzin yaradılması, onun açılması və fəaliyyəti üçün təqdim olunan layihənin reallaşdırılmasına dəstək verib.
Noyabr ayının 7-də İsmayıllıda Mərkəzin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bu xidmət sahəsinin insanlar verəcəyi töhfədən danışıb.
Layihə rəhbəri, gənc psixoloq Firuzə Çiçək Mərkəzin göstərəcəyi psixoloji xidmət növləri haqqında məlumat verib. O bildirib ki, Mərkəzdə ailə konfliktlərinin həlli, ünsiyyət qurmaq, dağınıq fikirlər və qərarsızlıqdan qurtulmaq, sevgi münasibətləri qurmaq və düzgün seçim etmək, unutqanlıq və yaddaş texnikaları və liderlik barəsində seminarlar keçiriləcək. Həmçinin evdar qadınların cəmiyyətdə mövqe seçməsi, özünə qapananlara yardımçı olmaq, nitq inkişafına istiqamət vermək, təxəyyül və yaradıcılıq istiqamətində aparılan söhbət və müzakirələrə yer veriləcək. Burada art-terapiya, eqopsixologiya, depressiya, stresdən qurtulma yolları da öyrədiləcək. Edilən bütün fərdi müraciətlər qəbul olunacaq, göstərilən xidmətlər ödənişsiz olacaqdır.
Psixoloq və Fərdi İnkişaf Mərkəzinin psixoloqu İbrahim İbrahimov layihədə nəzərdə tutulan məsələlər ətrafında geniş açıqlama verib. Mütəxəssisin çıxışından sonra İsmayıllı Uşaq və Ailələrə Dəstək  Mərkəzinin metodistləri Ülkər Məhərrəmova, Gülnar Mikayılova, RTŞ-nın əməkdaşı Hümbət Əsədov, 86 saylı DSK-nın məsul işçisi Azim Mirzəlizadə layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildirib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Keçidlər