Beynəlxalq Əlillər Günü münasibətilə görüş keçirilib
3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydaları çərçivəsində görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İsmayıllı UADM-in əməkdaşları, digər idarə və müəssisə rəhbərləri, Vətən müharibəsi əlilləri və ümumi səbəbdən əlilliyi olan bir qrup şəxs həmçinin şəhid ailələrinin üzvləri iştirak edib.
Görüşdə çıxış edənlər əlilliyi olan insanların problemi, onların hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq norma və standartların həyata keçirilməsi ilə bağlı görülən işlərin vacibliyindən danışıblar.
Tədbirdə diqqətə çatdırılıb ki, bu günün qeyd olunması əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına, siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsinə, əlil insanların sosial adaptasiyası ilə bağlı maarifləndirmənin artırılmasına xidmət edir.
Sonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.