İsmayıllıda dəyirmi masa ətrafında növbəti görüş keçirilib
Şəhər, qəsəbə, kənd və yaşayış məntəqələrində içməli və təsərrüfat məqsədilə istifadə olunan su ilə əlaqədar mövcud problemlər aidiyyəti qurumların iştirakı ilə dəyirmi masa ətrafında geniş şəkildə müzakirə olunub.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Azərsu ASC 6 nömrəli Regional Su Kanal idarəsinin İsmayıllı Su Kanal Sahəsinin rəisi, İƏD üzrə nümayəndələr və bələdiyyələr iştirak edib.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Bildirilib ki, havaların qış aylarında quraq keçməsi ilə əlaqədar sakinlərin su təchizatında problemlər yaşamaması üçün vaxtında araşdırmalar aparılmalı, mövcud problemlərin həlli istiqamətində işlər görülməlidir.
İclas zamanı qaldırılan məsələlərlə yanaşı kəndlərdə yay aylarına hazırlıq məqsədilə yağış və qar sularının yığılması üçün su anbarlarının yaradılması istiqamətində işlər görülməsi qərara alınıb.
Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etməkdən və həlli istiqamətində operativ işlər aparmaqdan ibarət olub.
Bu məqsədlə İƏD üzrə nümayəndələr və bələdiyyələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri, həmçinin ümumi problemlərlə əlaqədar arayış hazırlanaraq aidiyyəti qrumlara göndərilməsi qərara alınıb.
Onu da qeyd edirik ki, bu kimi görüşlər digər xidmət təşkilatları ilə də mütəmadi qaydada təşkil olunacaq.