İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin şəhid tələbələrinin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, İDHTK-in müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İDHTK-in şəhid məzunları Əliyev Fərid Hamlet oğlu, Həmidov Rəhim Etibar oğlu və Lətifli Orxan Xancan oğlunun xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub, abidə önünə əklil və gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, döyüşlərdə şəhid olan kollec məzunlarının qəhrəmanlığından danışıb.
Rayon rəhbəri abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çıxış edən şəhidlərin valideynləri Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Sonra tələbələrin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Daha sonra şəhid məzunların adı verilən sinif otaqlarına baxış keçirilib.
İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci tərəfindən şəhidlərin valdeyinlərinə təşəkkürnamə təqdim edilib.