İsmayıllıda “20 Yanvar” faciəsinin 32-ci ildönümü yad edilib
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar İsmayıllı rayonunun Şəhidlər xiyabanı ziyarət olunub.
Ümumxalq hüzn günündə edilən ziyarətdə rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.
Şəhidlər xiyabanına gələnlər Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlarını da ziyarət ediblər.Din xadimləri şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər.
Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvara həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub, filmə baxılıb. Məktəblilərin ifasında şeirlər dinlənilib. Tədbirdə həmçinin 20 Yanvar hadisələrinə həsr olunmuş inşa və şeir müsabiqəsində qalib gələn məktəblilər mükafatlandırılıb.
Tədbirin bədii hissəsi 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbir ədəbi- bədii kompozisiya ilə davam etdirilib.