Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin ad günü məzarı yanında qeyd olunub

23 yanvar 2022 | 16:00

Bu gün İsmayıllı rayonunun Qubaxəlilli kəndindən olan şəhid Saməddin Qəfərovun ad günü məzarı yanında qeyd olunub.

Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar.

Sonra Qubaxəlilli kənd tam orta məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Məlumat üçün bildiririk ki, Saməddin Qəfərov 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə "Hərbi feldşer işi" ixtisasına qəbul olub. Xidmət dövründə gizir feldşer olan Saməddin 2016-cı ilin aprel döyüşlərində 130 yaralı, 2020-ci il Tovuz döyüşlərində 50-dən çox, Vətən müharibəsində isə 90 yaralını döyüş meydanından çıxarmışdır. Sonuncu dəfə yaralı əsgəri döyüş meydanından çıxaran zaman şəhid olmuşdur. 28 sentyabr 2020-ci ildə  İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub.

Saməddin Qəfərov  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər