Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub
Şəhid Ramil Musayev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan igid oğullarımızdandır. Bu gün igid Vətən oğlunun özündən sonra adını daşıyan övladı Ramil Musayevin 1 yaşı tamam olur. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan millət vəkili və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsinin şəhidi Ramil Musayevin övladının doğum gününü təbrik edib.
Millət Vəkili Novruzəli Aslanov, RİH başçısının birinci müavini Mahmud Süleymanov, RİH əməkdaşları və YAP İsmayıllı rayon təşkilatının sədri və şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
Millət vəkili Novruzəli Aslanov çıxış edərək səmimi ürək sözlərini və təbriklərini çatdırıb, bunun Ali Baş Komdandan, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərilən diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edib, şəhidimizin vəfatından sonra dünyaya gələn Ramil balamıza hədiyyələrini təqdim edib.
RİH başçısının birinci müavini Mahmud Süleymanov çıxış edərək rayon rəhbərinin təbrik və xoş sözlərini çatdırıb, balaca Ramilin də atası kimi vətənpərvər övlad olaraq böyüyəcəyinə inandığını bildirib. Rayon rəhbərliyinin hədiyyəsini şəhidin övladına təqdim edib.
Şəhidimizin anası Nəsibə Musayeva şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan ölkə rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün nəvəsinin ad gününün təbrik edilməsini şəhid ailələrinə və oğlu Ramilin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.