İsmayıllıda “İstedadlı Əlillər İctimai Birliyi”nin görüşü baş tutub
Bu gün “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin binasında baş tutan görüşdə RİH-nin əməkdaşı, qazilər və əlilliyi olan şəxslər iştirak edib.
Görüşün əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Tədbirdə çıxış edənlər özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş məlumat veriblər.