Respublika Təhsil Şurası İctimai Birliyinin təşəbbüsü ilə çap olunan Manaf Süleymanovun "Azərbaycan diyarı - Lahıc" kitabının təqdimat mərasimi keçirilib
Yazıçı Manaf Süleymanovun 1994-cü ildə kiril əlifbası ilə nəşr edilmiş "Azərbaycan diyarı - Lahıc" kitabı Respublika Təhsil Şurası İctimai Birliyinin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb.
3 mart 2022-ci il tarixdə Respublika Təhsil Şurası İctimai Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümündə yazıçının "Azərbaycan diyarı - Lahıc" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Respublika Təhsil Şurası İctimai Birliyinin sədri Samir Mehdizadə, Şuranın sədr müavini Cəfər Bağırov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil xanım Əhmədova, digər idarə və müəssisələrin rəhbərləri və rayonun tanınmış ziyalıları iştirak ediblər.
Öncə görkəmli yazıçının həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Sevil xanım Əhmədova qonaqları salamlayıb və kitabın latın dilinə tərcümə olunmasında göstərdiyi təşəbbüsə görə Təhsil Şurasına rayon rəhbərliyi adından minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüb, doğma Azərbaycanımızın mirvarisi İsmayıllının unikal məkanı olan Lahıca həsr olunmuş kitabın xüsusi əhəmiyyətini vurğulayıblar, "Azərbaycan diyarı - Lahıc" kitabının latın əlifbası ilə nəşri böyüməkdə olan gənc nəslə dəyərli hədiyyə olduğunu bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.