İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki
Əziz xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər.
Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü bütün qadınlar kimi İsmayıllı qadınları da şərəflə daşıyır.
Torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini hörmət və ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların ömür-gün yoldaşlarına və Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırıram.
Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
Əziz qadınlar!
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!