Şəhid anaları ziyarət edilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH başçısının birinci müavini Mahmud Süleymanov və RİH əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
Bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi artıq bir ənənə halını alıb. Şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayon rəhbərinin adından təbrik edən RİH əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.
Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.
Şəhid ailələri Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib, şəhid övladları ilə fəxr etdiklərini bildiriblər.