Şəhidin medalı ailəsinə təqdim olunub
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən İsmayıllı rayonunun Cülyan kəndindən olan şəhid Teymur Osmanlının ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim olunub.
Rayon rəhbəri Nahid Bağırov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi ilə birgə şəhidin ailəsini ziyarət edib, ailənin problemləri ilə maraqlanıb.
Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin valideyninə Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.
Şəhidin atası Saday Osmanlı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon rəhbərinə minnətdarlığını bildirib.