Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Kubokunda 3-cü mərhələyə yekun vurulub

10 aprel 2022 | 16:00

Şose velosipedi üzrə Azərbaycan Kubokunda 3-cü mərhələyə yekun vurulub. İsmayıllı rayonunda keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, qaliblər iki yarış gününün nəticəsinə görə müəyyənləşib. Birinci yarış günündə iştirakçılar 15 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Növbəti gün isə 17 yaşadək velosipedçilər, həmçinin gənc qızlar 55 km, gənc oğlanlar, Elit və U23 yaş kateqoriyasındakı kişilər isə 80 km məsafədə ən güclüləri müəyyənləşdiriblər.

Qızlar arasında iki yarış gününün nəticəsinə əsasən Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Viktoriya Sidorenko ikinci, Lala Abdurahmanova isə üçüncü olub. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Tamerlan Vitovskiy və Ravi Rzayev isə 2-3-cü yerləri bölüşüblər.

Və nəhayət gənclər, U23 və Elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Əli Qurbanov hamıdan güclü olub. Kamran Mirzəxanov və Elgün Əlizadə isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Qaliblərə mükafatları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və  Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev təqdim ediblər. Mükafatlandırma mərasimi zamanı çıxış edən rayon rəhbəri Nahid Bağırov qonaqları salamlayıb və bu cür yarışların rayonumuzda təşkil olunmasını yüksək qiymətləndirib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev qalibləri təbrik edib və Möhtərəm Prezident cənab İlham Əliyevə gənclərə yaratdığı şəraitə görə bütün velosipedçilər adından təşəkkür edib.

Keçidlər