Papaq oyunu üzrə birinci yer
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən Prezident Kuboku uğrunda yarışda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb.
Bu ilki yarışlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak edib. Final oyunu Bakı-1 və Bakı-2 komandaları arasında çövkən oyunu üzrə keçirilib. Bakı-2 komandası rəqibini 2-1 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını qazanıb. Komandaya yarışların baş mükafatı “Prezident kuboku” təqdim edilib.
20 komandanın qatıldığı yarışda oyunçular Çövkən Milli Oyunu ilə yanaşı Papaq, Sürpapaq, Yaylıq və Atüstü güləş oyunlarında da qüvvələrini sınayıb. Nəticələrə görə, Papaq oyunu üzrə I yerə İsmayıllı komandası, Sürpapaq oyunu üzrə I yerə Balakən komandası, Yaylıq oyunu üzrə I yerə Yevlax komandası və Atüstü güləş üzrə I yerə Daşkəsən komandası layiq görülüb.
Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub.