Uşaq bağçası-körpələr evvlərinin Yeni il şənliyi
27 dekabr 2013-cü il tarixdə Gənclər Mərkəzinin iclas zalı yenidən şənlik meydanına çevrilmişdi. Şəhər 1, 2, 3 saylı, Təzəkənd, Talıstan və Quşencə bağçalarında tərbiyə olan uşaqlar yolka ətrafında şən mahnılar oxudular, rəqslər ifa etdilər, səhnəciklər göstərdilər, milli geyim mədəniyyəti nümayiş etdirdilər. Yaxşı hal idi ki, Rayon Təhsil şöbəsinin metodisti Güllübəyim Cərullayeva Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılara sərbəstlik verdi. Hər bir uşaq kollektivi burada öz bacarığını nümayiş etdirmək imkanı tapdı.
Uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında tədbirə məzmunlu musiqi bəzəyi verildi. 100-ə qədər uşağın valideyni də öz övladının bayram şənliyinə qatılmışdı.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününü bayram edən uşaqların sevinci hədsiz idi və bütün iştirakçılara ondan pay düşdü. Şaxta baba, Qar qız və nağıl qəhrəmanları bütün uşaqları hədiyyə ilə yola saldılar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqları, müəllim və tərbiyəçiləri Rayon İcra Hakimiyyəti başçısı adından bayramlar münasibətilə təbrik etdi.
Uşaqlar tədbirdən gedərkən özləri ilə bolluca sevinc apardılar.