Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvarın 23-cü ili

21 yanvar 2013 | 16:00

Yanvar ayının 11-də YAP İsmayıllı rayon təşkilatı 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirmişdir. Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açmışdır. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olduğunu bildirmişdir. Natiq 20 Yanvar hadisələrinin geniş şərhini vermişdir:
1990-cı ilin 20 yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıltı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində “Qanlı Yanvar”ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.
Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir.
Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.
Artıq 20 Yanvar hadisələrinin 23-cü ilini qeyd edirik. Ötən vaxt ərzində görülməsi vacib olan işlər istiqamətdə xeyli ləngimişik. Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faicənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 Yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, “Faciənin günahkarları kimdir?” sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanıdı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.
20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi.
Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkli rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kompaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin...
Ə.Vahabova 20 Yanvar hadisələri ilə bağlı bir sıra tarixi faktları, fikirlərini söylədikdən sonra çıxışlara yer verildi. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şəhər 5 saylı tam orta məktəbinin müəllimi Bəxtiyar Fərəcov, şəhər 7 saylı tam orta məktəbinin müəllimi Məhbud Kərimov, şəhər 4 saylı tam orta məktəbinin müəllimi Şahin Kərimov və İsmayıllı rayon Təhsil Şöbəsinin inspektoru Aydın Rəhimov tədbirdə iştirak edən gənclərə mübariz olmağı, unutqanlığa yol verməməyi tövsiyə etmişlər.
 

Keçidlər