Daha sürətli inkişafın əsası kollegial məsləhətləşmə ilə qoyulur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi 2013-cü ilin mart-aprel ayında başlanğıcını götürmüş ənənəyə əsaslanaraq qarşıdakı 5 ilin perspektiv inkişaf layihələrini kollegial qaydada müzakirə edir, məsləhətləşmələr aparır.
Bu məqsədlə 5 yanvar 2014-cü il tarixdə Heydər Əliyev mərkəzində İsmayıllı rayonunun növbəti 5 ildə sosial-iqtisadi inkişafının müzakirəsinə həsr olunmuş dəyirmi masa arxasında söhbət keçirilmişdir. Buraya rayondan kənarda yaşayan elm adamları, tanınmış ziyalılar, hüquq və səhiyyə işçiləri, iş adamları rayonun aparıcı sahələrində çalışan mütəxəssislər, təcrübəli, pensiyada olan müxtəlif sahə rəhbərləri dəvət olunmuşdular.
Doğma yurdunun təəssübünü çəkən, onun inkişafı üçün qüvvəsini sərf etmək istəyən alimlər, hüquqşünaslar, həkimlər, hüquq mühafizə orqanlarında çalışanlar, ali məktəb müəllimləri vətənsevərliklərini öz mütəşəkkil gəlişləri ilə ifadə etdilər.
Dəyirmi masa arxasında söhbətə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə başladı. Qeyd etdi ki, dəvət olunanlardan maddi nəsə istənilmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları verdiyi sərəncamlarla rayonun sosial—iqtisadi, aqrar, nəqliyyat, yol problemlərini müvəffəqiyyətlə həll edir. 2013-cü il 14 avqustda cənab Prezidentin İsmayıllıya mübarək səfəri zamanı bütün əhalimiz bir daha yəqin etdi ki, rayonumuz onun xüsusi qayğısı əhatəsindədir. Bu qayğının nəticəsi olaraq bölgəmiz sürətli inkişafdadır, sosial-iqtisadi yüksəlişdədir. Sizin isə düşünülmüş məsləhətlərlə, müasir iqtisadi idarəetmə yollarını göstərməklə, rayonun çoxsahəli potensiallarını nəzəri və praktik baxımdan üzə çıxarmaqla iştirakınıza ehtiyac duyulur. İş, biznes qurmaq istəyənlər üçün İsmayıllıda səmərəli mühit və şərait vardır. Bu sahədə və vaxtsa mövcud olmuş maneələr tamamilə aradan qaldırılmışdır. Sizinlə birgə işləməkdən rayonumuz ancaq xeyir tapa bilər. Elə bu düşüncə bu gün bizi bir araya gətirib.
Sonra iqtisad elmlər doktoru, professor, bu yaxınlarda Yaponiyada səfərdə olmuş Rəsul Balayev inkişafın bu ölkəyə məxsus təcrübəsindən istifadə imkanları barədə danışdı. Apardığı müqayisələr ixtisasından asılı olmayaraq iştirakçıların hamısı tərəfindən dərindən anlaşıldı.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev beşillik perspektiv inkişafın proqnoz layihələri ilə iştirakçıları tanış etdi.
Hüquq elmləri namizədi, QMİ-nın aparat rəhbəri Simran Həsənov, BDU-nun tədris işləri üzrə prorektoru İbad İbadov, ADMA-nın dosenti, Arif Əzizov, coğrafiyaşünas alim Qadir Bayramlı, şair Musa Yaqub, QHT sədri Rasim Şərifli , professor, İnşaat Mühəndisləri Universitetinin kafedra müdiri Həbib Ocaqov və başqaları çıxış edib, səmərəli təkliflərini verdilər
İqtisad Universitetinin kafedra müdiri professor Alıcan Abbasov təklif etdi ki, əslən İsmayıllıdan olub Bakı şəhərində fəaliyyət göstərən elm, təhsil, səhiyyə işçiləri və iş adamları üçün koordinasiya şurası və ya İsmayıllının inkişafına (inkişaf istiqamətlərinə uyğun) ictimai dəstək qrupları yaradılsın.
Millət vəkilləri Novruz Aslanov və Ərəstun Cavadov iştirakları və inkişafa təkanverici məzmunda olan çıxışları ilə tədbirə böyük dəyər verdilər. Onlar həm də perspektiv inkişafda özlərinin necə iştirak edəcəklərindən danışdılar.
Qərara alındı ki, bu tip tədbirlər elmi praktik seminar-həmyerlilərin görüşü adlansın. Tədbirin necə adlanacağı öz yerində, məzmunu çox xeyirli və səmərəli oldu. Gələn qonaqlar da yerli məsul işçilər də, mütəxəssislər də bundan sonra rayonun inkişafı üçün nə edəcəklərini dəqiq müəyyənləşdirdilər.