Qalacıqda hesabat keçirildi
Yanvar ayının 14-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə Qalacıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında İƏD-ə daxil olan kəndlərin sakinləri, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qalacıq İƏD üzrə nümayəndəsi Hidayət Babayev qeyd edib ki, Qalacıq İƏD-nin ərazisi 3343 hektar, əhalisinin sayı isə 2049 nəfərdir. Ərazidə 543 ailə, 394 ev vardır. Nümayəndəliyin ərazisində T.Xanadanov adına tam orta məktəb, klub, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir. Tarixən əhalinin əsas məşğuliyyət sahələri heyvandarlıq və xalçaçılıq olmuşdur. Təəssüflər olsun ki, xalçaçılıq sənəti demək olar ki, məhv olmuşdur.
Bir il ərzində sənədləşdirmə işinin tərtibində qanunvericiliyə riayət etmişdir. Vətəndaşların ərizə, şikayət və şifahi müraciətlərinə baxmağı nümayəndəlik özünün əsas vəzifələrindən biri hesab etmişdir. 2013-cü ildə nümayəndəliyə 3 yazılı, 3 şifahi müraciət daxil olmuşdur. Müraciətlərə vaxtında baxılmış, qənaətləndirici cavab verilmişdir. 2010-cu ildə Qalacıq kəndində bütün elektrik dirəkləri, məftillər və sayğaclar dəyişdirilmiş, Yeni elektron tipli ATS qurulmuşdur. Ona görə də nümayəndəlikdə bu sahədə problem olmamışdır. 2013-cü ildə 21 uşaq dünyaya gəlmiş, 14 insan vəfat etmiş, 11 nikah bağlanmış, boşanma halı qeydə alınmamışdır. Nümayəndəliyə 25 məktub daxil olmuş, 7 əmr, 12 sərəncam verilmiş, müxtəlif təşkilatlara 59 məktub göndərilmiş, vətəndaşlara 821 arayış verilmişdir.
Ərazidə cinayət hadisəsi qeydə alınmamış, ordudan yayınma, fərarilik hallarına rast gəlinməmişdir.
Kəndə gələn yolun 3.5 kilometri asfaltlanmış, Çəmənli kəndinə gedən yol yaxşılaşdırılmışdır. 31 oktyabr 2013-cü ildə Çəmənli kəndində İcra başçısı M.Sadıqovla görüş keçirilmiş, Başçı tərəfindən yaşayış evi pis vəziyyətdə olan vətəndaşa vaqon alınmış, orta məktəbin şagirdi Leyla Soltanovaya kompüter bağışlanılmışdır. Hesabat dövründə ən mühüm işin 9 oktyabr 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri olmuşdur. 1165 seçicidən 1045 nəfəri seçkilərdə iştirak etmişdir.
Məruzədə problemlər haqqında da məlumat verilmişdir. Qalacıq kəndində təbii qazın olmaması, kənd klubunun təmirə, Çəmənli kəndində məktəb binasının tikilməsinə ehtiyac olduğu vurğulanıb. Yekunda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2013-cü ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə aparılan siyasət uğurla davam etdirilmişdir. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, digər sosial obyektlər tikilmiş, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilir.