İsmayıllıda rayon ictimaiyyəti ilə görüş keçirilib
İsmayıllıda son günlər baş verən hadisələri müzakirə etmək məqsədilə yanvar ayının 25-də rayon rəhbərliyi, bir qrup millət vəkili, Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri və 500-ə qədər rayon sakini ilə birgə müşavirə keçirilmişdir. Görüşdə məqsəd son günlər İsmayıllıda baş verənləri araşdırmaq, problemlərin həlli yolunu tapmaq idi. Müşavirəni İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov açdı və rayon əhalisini məişət zəminində baş verən hadisələri arxada qoymağa, vətəndaşları təmkinli olmağa, ziyalıları, yaşlıları iğtişaş törətmək istəyən gənclərə tövsiyyələr verməyə çağırdı.
Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədov baş vermiş hadisələrlə bağlı araşdırmaların aparıldığını dedi. Onun sözlərinə görə, aksiyada saxlanılan adamlar yalnız inzibati qaydada cəzalandırılıblar. O polisin adamlarla danışıqlar aparıldığını və bunun müsbət nəticəsi olduğunu dedi.
Millət vəkili Novruzəli Aslanov, Əməkdar müəllim Şəfaqət Rəsulov, şəhər sakini Fərman Bəşirov, mədəniyyət işçisi Sahibə Abdullayeva, Əməkdar müəllim Aydın Əzizov, həkim Sədrəddin İsgəndərov, “Babadağ” Xeyriyyə Cəmiyyətinin sədri Eldar Əliyev, müəllim Hacıməmməd Məmmədov baş vermiş hadisənin çözülməsi, həlli istiqamətində görülməsi vacib olan işlərdən danışdılar. İsmayıllı əhalisini təxribatlara uymamağa, iğtişaşlara siyasi xarakter verməməyə dəvət etdilər.
Toplantıda iştirak edən Yeni Azərbayjan Partiyasının icraçı katibi Əli Əhmədov isə rayonda belə bir hadisənin baş verdiyindən təəccübləndiyini və təəssüfləndiyini qeyd etdi. Bu hadisələrdə günahkar olanların cəzalandırılacağını bildirdi.
Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri rayonda yaranmış gərgin vəziyyətdən danışdılar. Onlar həbs edilənlərə ağır cəza verilməməsini xahiş etdilər. Eyni zamanda çıxış edənlər məişət zəminində baş verən bir hadisənin iğtişaşa səbəb olmasından təəssüfləndiklərini bildirdilər. İsmayıllı ziyalıları bu hadisələrdən siyasi məqsədlərlə istifadə etmək istəyən bəzi qüvvələrə etiraz etdilər.
Qeyd edək ki, artıq İsmayıllıda həyat öz adi axarı ilə davam edir. Bütün idarə və müəssisələr, məktəblər, mağazalar adi qaydada fəaliyyət göstərir.