Təhlillər aparılır, layihələr müəyyənləşdirilir
İsmayıllı rayon icra Hakimiyyəti sosial-iqtisadi, mədəni-mənəvi inkişafını təmin etmək, təhsilin təkmilləşdirilməsini və keyfiyyət artımını davam etdirmək məqsədilə təhlillər aparır, bunların nəticəsi olaraq yeni layihələr müəyyənləşdirir.
Ümumilikdə rayonu əhatə edən belə bir tədbir 2013-cü ilin mart ayında rayondan kənarda yaşayan tanınmış elm və iş adamlarının, alimlərin, ziyalıların, yerli təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilmiş, sonra isə sahələr üzrə davam etdirilmişdir.
26 yanvar 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Rayon Mədəniyyət və Turizm şöbəsinin əhatə etdiyi müəssisələrdə çalışanlarla müzakirə-təhlil xarakterli toplantı keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda çıxış edərək toplantının məqsədini, məramını aydınlaşdırdı, iştirakçıları açıq, obyektiv vəziyyətdən doğan söhbətə çağırdı, fəallığa, düşünülmüş yollar axtarmağa dəvət etdi.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov rəhbərlik etdiyi sahənin funksiyasına daxil olan bütün istiqamətlər üzrə mövcud vəziyyət barədə ətraflı məlumat verdi. Xüsusilə onu qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısının və rayon icra hakimiyyəti rəhbərliyinin məsuliyyətli yanaşmasının nəticəsi olaraq rayonda mədəniyyət obyektlərinin əsaslı təmiri geniş miqyasda, keyfiyyətlə, yeni memarlıq üslubunda aparılır. “Gəncə” uşaq kitabxanası, Rayon Mədəniyyət Mərkəzi buna çox aydın nümunədir. Əhən kəndində unudulmuş, dağılmış bir binanın təmir olunub klub kimi istifadəyə verilməsi iş adamlarının, yerli ziyalıların mədəniyyətə müasir münasibətini əks etdirir. Obyektlərin kompüterləşməsi daha sürətlə davam etdirilir. Heydər Əliyev Mərkəzində dərnəklərin səmərəli fəaliyyət göstərməsi də ən müsbət işlər sırasındadır
A.Abbasov Rayon Uşaq İncəsənət məktəbinin binasının yararsız vəziyyətdə olduğunu dedi və bildirdi ki, bu səbəbdən musiqiyə, incəsənətin digər növlərinə maraq göstərən bütün uşaqları təhsilə cəlb etmək olmur. Mərkəzi kitabxana sisteminin kitabla təminatı üçün çox az vəsait ayrılır. “Xalq teatrı”nın təşkili üçün müvafiq kadrlar yoxdur.
Daha sonra Mərkəzi Kitabxana Sisteminin direktoru Ələddin Ələkbərov, keçmiş direktorları Vaqif Ağayev, Həmid Baxışov, Uşaq İncəsənət məktəbinin direktoru Elşən Süleymanov, direktor müavini Nazim Aydınov, keçmiş direktoru Əvəz Abbasov və başqaları çıxış edərək bu və digər problemlərə toxundular.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov hər kəsi çox səbrlə dinlədi, səmimiyyətlə, pedaqoji professionallıqla, rəhbər tələbkarlığı ilə yeni, müasir texnologiyalara əsaslanan fəaliyyət yollarını göstərdi, qarşılıqlı əməkdaşlıq və qabaqcıl təcrübəyə əsaslanmaqla işləməyə çağırdı. Məsləhət gördü ki, layihələrlə çıxış etsinlər, öyrənsinlər, inkişafın mədəniyyət və turizm sahəsinə aid özünəməxsus metodlarına yiyələnsinlər.
Mirdaməd müəllim iştirakçılara müraciət edərək kimin hansı probleminin, çətinliyinin, ehtiyacının olduğunu soruşdu. A.Abbasova tapşırdı ki, bu məsələni özü öyrənsin və məlumat versin.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov iştirakçılarla birgə Uşaq İncəsənət məktəbinin hazırladığı kiçik konsertə tamaşa etdi.