Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı seminar müşavirə

29 yanvar 2014 | 16:00

Yanvar ayının 25-də İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin akt zalında “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları”na həsr olunmuş seminar müşavirə keçirildi.

Seminar müşavirədə İsmayıllı RTŞ-nin Metodik Kabinetin direktoru Hümbət Əsədov, metodistlər Xalid Allahverdiyev, Rəşid Məmmədov, Güllübəyim Cərullayeva və ümumtəhsil məktəblərin ibtidai sinif müəllimləri və metodbirləşmə rəhbərləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə RTŞ-nin Metodik Kabinetin direktoru Hümbət Əsədov açdı. O, müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, ibtidai sinif müəllimlərinə bir sıra tövsiyələr verdi.

Sonra RTŞ-nin ibtidai siniflər üzrə metodisti Xalid Allahverdiyev “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları“ mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi çıxışında qeyd etdi ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) şagirdin bilik, bacarıq və dəyərlərə yiyələnməsi haqqında məlumatların toplanması prosesidir. Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi) formativ (inkişafın izlənməsi) və summativ (yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır.

Diaqnostik qiymətləndirmənin məqsədinin şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməkdən ibarət olduğunu qeyd etdi, daha sonra formativ və summativ qiymətləndirmələrdən danışdı.

RTŞ-nin metodisti Güllübəyim Cərullayeva çıxış edərək müəllim-şagird, müəllim-valideyn, münasibətlərindən söz açdı. Mövzu diskussiyalarla davam etdi.

Ümumtəhsil məktəblərin ibtidai sinif müəllimlərini düşündürən bir sıra məsələlər müzakirə olundu.

Seminar müşavirəni RTŞ-nin Metodik Kabinetin direktoru H.Əsədov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı müəyyən fikirlərini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırdı.

Keçidlər