Əlaqələr möhkəmlənir
Fevral ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edib. Qəbul zamanı İto və İsmayıllı şəhərləri arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Qəbulun gedişində Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov İsmayıllının tarixi, təbiəti, insanların məşğuliyyəti və digər sahələr barədə geniş məlumat verib. Bununla yanaşı M.Sadıqov Yaponiya hökumətinin dəstəyi hesabına rayonun infrastrukturuna verilən töhfələrdən söz açıb, görülən işlərə görə təşəkkürünü bildirib. M.Sadıqov həmçinin İsmayıllı-İto dostluq əlaqələrindən, əlaqələrin genişləndiriləcəyindən, qardaşlaşmış xalqlar üçün hərtərəfli əməkdaşlığın əhəmiyyətindən danışıb. İsmayıllıya ilk dəfə gəldiyini deyən Tsuquo Takahaşi buranın təbiətinə heyran qaldığını dilə gətirib. Bildirib ki, İsmayıllı və İtonun qardaşlaşması Azərbaycan və Yaponiya arasındakı sıx dostluq əlaqələrindən xəbər verir. Tsuquo Takahaşi şəhərin Mican ərazisində Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi hesabına tikilən uşaq bağçasına gələrək yaradılan şəraitlə yaxından tanış olub. Bağça uşaqları Azərbaycan və ingilis dillərində şeirlər oxuyub. Səfir uşaqlar üçün yaradılan gözəl şəraitdən razılığını bildirib. Tsuquo Takahaşi həmçinin Heydər Əliyev adına parkda salınan Yapon bağını ziyarət edib.