Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hesabat yığıncağı iştirakçılarının müraciəti

20 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Biz-İsmayıllı rayonun 2013-cü il sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları bütün rayon əhalisinin yekdil fikrini ifadə edərək rəhbərliyinizdən Azərbaycanın yüksək  inkişafa, firavan həyata çatdığını fəxr və qürur hissi ilə bəyan edirik. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq xalqımıza xoşbəxt həyat bəxş etdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, şərəfli adınıza alqışlar deyirik.
Bilavasitə Sizin tükənməz qayğınız, ardıcıl maliyyə dəstəyiniz, sistemli köməyiniz nəticəsində İsmayıllı rayonu  2013-cü ildə ölkənin sürətli sosial-iqtisadi inkişafına qovuşmuş, tikinti-quruculuq-abadlıq işlərində özünəməxsus uğurlar qazanmışdır.
Bu bir həqiqətdir ki, Sizin bölgələrə səfərləriniz o yerlərə 10-20 illərin inkişafını gətirir, yüksəlişin təkanverici qüvvəsinə çevrilir. Davamlı zəngin həyatını təmin etmək məsuliyyətini üzərinizə  götürdüyünüz hər bir Azərbaycan vətəndaşını dövlətə, dövlətçiliyə, milli köklərə beynəlxalq miqyasda təsdiq olunmuş siyasətinizlə daha möhkəm, daha qırılmaz tellərlə bağlayırsınız.
Ümummilli liderimiz Heydər Əliyevin böyük dəyər verdiyi, bilavasitə Sizin diqqət və qayğınızla sosial-iqtisadi inkişafda yeni sürət götürən İsmayıllı rayonunun əhalisi cənabınızla 14 avqust 2013-cü ildəki görüşünün fərəh və sevincini  yaşayır, tapşırıq və tövsiyələrinizi böyük qüvvə ilə, ruh yüksəkliyi ilə həyata keçirir. Açılışını etdiyiniz İsmayıllı tikiş fabrikinin, avtovağzalın, su-elektrik stansiyasının işçiləri,İsmayıllı-İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolundan, yeni su şəbəkəsindən istifadə edən insanlar  bütün rayon əhalisi ilə  birgə Azərbaycan vətəndaşı, firavan həyat bəxş etdiyiniz İsmayıllı sakini olmaqdan qürur duyduqlarını bildirirlər. Ali dövlət fəaliyyətinizdə,  ölkəmizin  beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində, Vətən torpaqlarının bütövləşməsində, daha xoşbəxt edəcəyiniz Azərbaycanımızın sabahını  və gələcəyini yaşamaqda Sizə böyük uğurlar, möhkəm can sağlığı, bənzərsiz qələbələr arzulayırıq.
Bir daha Sizə minnətdarlığımızı izhar edir, milli səadətimizi, xoşbəxtliyimizi yalnız Sizin rəhbərliyinizdə görürük.


Uca şəxsiyyətinizə, şərəfli adınıza dərin hörmət və ehtiramla:
İsmayıllı rayonunun 2013-cü il sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları.

19 fevral  2014-cü il

Keçidlər