Dilimiz qürurumuzdur
21 fevral 2014-cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbində Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin ifasında Ana dilimizə həsr olunmuş şerlər və mahnılar səsləndirildi . Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gilas Musayeva, Xatirə Orucova, Orucova Eminə, Məhəbbət Osmanova Ana dilinin müqəddəsliyi, onun qədimliyi barədə söhbət açdılar. Onlar qeyd etdilər ki, dil hər bir xalqın qürur mənbəyi, onu yaşadan amillərdən ən mühümüdür. Dilimiz zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını, ifadə imkanlarını qoruyub saxlamışdır.
Azərbaycan Respublikasının Konstitutsiyasının 21-ci maddəsində deyilir : “ Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan Respublikasının dövlət dilini bilmək onun hər bir vətəndaşının borcudur. Biz dilimizi sevməli, ona qayğı ilə yanaşmalıyıq.
Tədbirin sonunda məktəbin direktoru R. Dadaşov qeyd etdi ki, dilimizə hörməti biz ulu öndərimiz H. Əliyevdən öyrənmişik. Onun nitq və çıxışları təmizliyi, saflığı, zənginliyi ilə hamını heyran qoyardı. Ana dilimiz dövlət tərəfindən qayğı ilə əhatə olunmuşdur. Azərbaycan və dünya klassiklərinin əsərləri dilimizə tərcümə olunaraq kitabxanalara paylanmışdır. Gəlin, dilimizi qoruyaq , onu sevək, qiymətli miras kimi gələcək nəsillərə ötürək.