Yaponiya nümayəndə heyəti İsmayıllıda
27 aprel 2014-cü il tarixdə Yaponiya dövlətinin Xarici İşlər Nazirinin Parlamentar müavini cənab Takao Makinonun İsmayıllı rayonuna tanışlıq məqsədilə səfər etmişdir. Səfər zamanı qonağı Parlamentar Nazir Müavininin İcraçı Köməkçisi cənab Daisuke İçikava, Yaponiyanın Xarici İşlər Nazirliyində Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru cənab Cun Nanazava, Yaponiyanın Azərbaycandakı Səfiri cənab Tsuguo Takahashi və səfirliyin əməkdaşları müşaiyət etmişdir.
Qonaqları əllərində Azərbaycan Respublikasının və Yaponiya Hökumətinin dövlət bayraqları olan məktəblilər qarşılayıb. Daha sonra nümayəndələr Heydər Əliyev mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən,onun xalqa, vətənə bağlı şərəfli və zəngin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən eksponatlara baxıblar. Daha sonra qonaqlar Mərkəzdə məktəblilərin əl işləri ilə tanış olublar. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev nümayəndə heyətinə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, regionun turizm, kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib. İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalandığını bildirilib. Həmçinin qeyd edilib ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı rayonunda 11 layihə həyata keçirilib.Yaponiyanın xarici işlər nazirinin Parlament üzrə müavini Takao Makino çıxışında Yaponiya hökumətinin insanların yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif layihələri dəstəklədiyini bildirib. Bu tipli layihələr sosial müdafiə, infrastruktur və səhiyyə ilə əlaqədar sahələrdə həyata keçirilir. Həmçinin gəlcəkdə regionlarda müxtəlif layihələrin icra olunacağını diqqətə çatdırıb. Qonaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkın ərazisində yapon mütəxəssisləri tərəfindən salınan 1500 kvadratmetr sahəni əhatə edən "Yapon bağı" ilə tanış olublar. Daha sonra Yaponiya səfirliyinin maliyyə dəstəyilə ilə Mican və ona qonşu ərazidə yaşayan məktəbəqədər yaşda olan uşaqlar üçün tikilən bağçadakı şəraitə baxış olub. Bağçada müxtəlif yaş qruplu körpələrin gün ərzində oynaması, dincəlməsi və əylənməsi üçün yemək, yuyunma, oyun zalları, yataq otaqları və bufet nəzərdə tutulub. Həmçinin bagçada müasir tələblərə cavab verən isitmə sistemi qurulub. Burada müxtəlif yaş qruplarından olan uşaqlar günün müəyyən hissəsini valideyn himayəsindən kənar ən müasir şəraitlə təmin olunur. Binanın müasir standartlara cavab verən qazanxana sistemi ilə təchiz olunub.