Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda Pilot Məşğulluq mərkəzi istifadəyə verildi

02 may 2014 | 15:00

  1 may 2014-cü il tarixində İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin açılışı olmuşdur.
Mərkəzin açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkə Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında ölkədə məşğulluq imkanlarının artırılmasının və əhalinin layiqli iş yerləri ilə təmin olunmasının mühüm yer tutduğunu vurğulamışdır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yeni elm tutumlu iş yerlərinin yaradılması və yeni istehsal üsullarının meydana gəlməsi milli əmək bazarının inkişafına təkan vermişdir.
Ölkəmizdə müasir dövlət quruculuğunun geniş vüsət aldığı şəraitdə nazirliyin fəaliyyət sahələrində də mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalara istinad olunduğunu qeyd edən S.Müslümov, eyni zamanda məşğulluq xidmətinin fəaliyyətinin səmərəli iş metodları əsasında qurulmasının əsas vəzifələrdən olduğunu bildirmişdir.
Nazir bildirmişdir ki, mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək.
Həmçinin mərkəzdə iş axtarışı ilə bağlı öz təcrübə və informasiyasını könüllü şəkildə bölüşən vətəndaşlar üçün “İş klubu” fəaliyyət göstərəcək. Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası və s. ilə bağlı maarifləndirici vasitələrlə təchiz olunub.
Daha sonra İsmayıllı Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilmişdir.
Burada S.Müslümov nəzərə çatdırmışdır ki, nazirliyin məşğulluq xidməti orqanları cari ilin yanvar-mart aylarında 6 min 191 nəfər vətəndaşı münasib işlərlə təmin edib, 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Pilot Məşğulluq Mərkəzinin açılışında və əmək yarmarkasında çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etmişdir ki, rayonda əhalinin məşğulluğunun artırılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Əmək yarmarkasına çıxarılan faktiki iş yerləri iş axtaranlara təklif olunur və onlar bu təklifləri düşünərək qəbul edirlər. Nəticə isə məşğulluq səviyyəsinin yüksəlməsində özünü göstərir. Pilot Məşğulluq Mərkəzi bundan sonra qeyd olunan fəaliyyət istiqamətlərində daha böyük səmərə verəcəkdir.
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov Mərkəzin fəaliyyətinə uğurlar arzuladı.

Keçidlər