5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İsmayıllı rayonunda silsilə tədbirlər keçirilib
Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir daha sonra İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilib. Çıxış edənlər bədən tərbiyəsi və idmanın cəmiyyətin sağlam inkişafında, xüsusilə gənclərin vətənpərvər, güclü və iradəli şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısı və diqqət nəticəsində bu sahə ildən-ilə daha da inkişaf edir, Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı zirvələrdə dalğalandırırlar.
Tədbir çərçivəsində rayon idmançılarının uğurlarından bəhs edilib, onların əzmkarlığı və qələbə ruhu gənc nəslə nümunə kimi təqdim olunub. Eyni zamanda, sağlam həyat tərzinin təşviqi, gənclərin zərərli vərdişlərdən uzaq tutulması və idmana marağın artırılmasının əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırılıb.






