İsmayıllıda “Gül bayramı”
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonda zəngin forma və məzmunda, geniş miqyaslı, elmi-publisistik bədii əsaslara söykənən, ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 10 may 2014-cü ildə keçirilən “Gül bayramı” bu tədbirlərin zirvəsi olmuşdur.
Tədbiri ulu öndərin abidəsi önünə rayon rəhbərliyinin, ağsaqqalların, müharibə veteranlarının ağbirçəklərin gül qoyması ilə başlanmışdır. Bundan sonra düşüncəli, zövqlü insanların yaradıcılıq nümunələrinə , güldən yaradılmış sənət əsərlərinə baxış keçirilmişdir. Ən ucqar məktəblər də “Gül bayramı”nda iştirak etmişdir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Peşə Tədris mərkəzi daxil olmaqla bütün təhsil sistemi bayrama əsl yaradıcılıq ruhu ilə yanaşmışdır. Uşaq bağçalarında tərbiyə olan uşaqların hər biri bir gül çələnginə bəzədilib, bayrama gətirilmişdi. Folklor qrupları həmişəkindən daha zəngin idi. Gənc rəssamlar nümunəvi fəaliyyət sərgiləyirdilər. Mərkəzi meydan ümummilli lider Heydər Əliyevin şərəfli adına layiq səviyyədə bəzədilmişdi. İdarə və müəssisələrin “Gül bayramı”na gətirdiyi çələnglər bir-birinə bənzəməyən, hamısı da zövq oxşayan səviyyədə idi. Rayon gənclər və idman idarəsi masasını və onun ətrafını profilinə uyğun tərtib etmişdi. İdarələrarası mini futbol yarışında, məktəblilərin böyük futbol yarışında, məktəblilərin spartakidasında (bunların hamısı ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuşdu.) qalib gələnlərə kubokları rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təqdim etdi. O həm də bədii gimnastların, karateçilərin çıxışlarına baxdı, onlara uğurlar arzuladı. Üzərində “Heydər Əliyev-91” yazılmış şarlar səmaya buraxıldı.
Baxış zamanı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir nümunəvi yaradıcılıq işi üçün təşəkkürünü bildirmişdir. Bayrama çıxarılan bütün işlərlə yaxından tanış olmuşdur.
91 uşaq “91” rəqəmi formasında düzülərək Azərbaycan Himnini ifa etmişlər. Nağaraçılar və kəndirbazlar öz məharətlərini göstərmişlər.
Mədəniyyət və turizm şöbəsinin ansamblı konsert proqramı ilə iştirakçılar qarşısında çıxış etmişdir.