İsmayıllının tibb işçiləri peşə bayramlarını yeniliklərlə qeyd etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsaitlə yenidən qurulan və müasir tələblər əsasında təmir olunan Rayon Mərkəzi Xəstəxanasında işlər başa çatmışdır. Tibb avadanlıqları, diaqnostika və müalicə aparatları quraşdırılır, həkim kabinetləri tərtib və təchiz edilir. 2013-cü ildə Lahıc qəsəbəsində və İvanovka kəndində yeni xəstəxana, Topçu və Tircan kəndlərində həkim ambulatoriyası istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Uşaq Poliklinikasının dam örtüyü yeni formada dəyişdirilmiş, müasir üslubda təmir edilmiş, ətrafı abadlaşdırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Hər kənddə kitabxana, tibb məntəqəsi və məktəb” təklif- layihəsini hazırlamış, aidiyyəti Respublika təşkilatlarına təqdim etmişdir. Təqdir olunan layihələrin rayon üzrə həyata keçirilməsi çox zaman aparmayacaq.
121 nəfər həkimin, 664 nəfər orta tibb işçisinin və digər xidmət işçilərinin çalışdığı İsmayıllı səhiyyə sisteminin inkişafı və maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar proqram hazırlanmışdır.
Bütün bunlardan və səhiyyə sahəsindəki digər nailiyyətlərdən Heydər Əliyev Mərkəzində keçirilən Tibb işçilərinin peşə bayramında ətraflı danışıldı.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinə gül dəstələri qoydular, sonra onun adını daşıyan Mərkəzə gəlib, səhiyyəyə aid qısa filmə tamaşa etdilər.
Təntənəli tədbiri giriş sözü ilə RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açdı. Mərkəzi Xəstəxananın baş həkimi Avtandil Rəhimov, həkimlərdən Narxanım Əkbərova, Vidadi Rəhimov çıxış etdilər.
Təhsil veteranı, çoxsaylı nəsillərin yetişməsində xidmətləri olan, ictimai fəallığı ilə indi də seçilən müəllim Səkinə Məmmədova tibb işçilərini səmimi təbrik etdi, onlara ümummilli lider Heydər Əliyevin siyasətinin yaradıcılıqla davamında uğurlar arzuladı.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov ictimaiyyət adından tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tibb işçilərini təbrik etdi, dövlət səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışdı.
Yekunda bir qrup qabaqcıl tibb işçisinə RİH başçısının Fəxri Fərmanı və pul mükafatları təqdim edildi.
Foyedə kiçik konsert oldu. İnsanlar sevinərək daha bir bayram gününü yüksək səviyyədə qeyd etdilər.
RİH-nin başçısı Mirdaməd Sadıqov tədbir başa çatdıqdan sonra tibb işçilərini qəbul etdi, hər birinin arzu və təkliflərini öyrəndi, şəxsi həyatları ilə bağlı istəklərini səmimiyyətlə qarşıladı.