Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllılar İsmayıllıda

17 mart 2013 | 16:00
  • Sözünü deyən görüntülər

Mart ayının 16-da İsmayıllı şəhərində RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə İsmayıllıdan olan ziyalılar, iş adamları bir araya gələrək rayonun sosial-iqtisadi vəziyyətini müzakirə edib, inkişafa istiqamətlənən təklifləri ümumiləşdiriblər.
Gənclər Mərkəzinin iclas zalında  keçirilən tədbirdə 400-ə yaxın həmyerlimiz iştirak edib. Onlardan 160 nəfəri dəvətlilər olub.
“Görünən kəndə bələdçi nə lazım” fikri ilə 10 dəqiqəlik video-çarx nümayiş etdirilib. Zalda əyləşənlər İsmayıllının illərlə unudulmuş, gözdən uzaq, könüldən iraq görüntülərini ürək ağrısı ilə  izləyiblər. Görüntülərdə  təhsil, səhiyyə, mədəniyyət sahəsində, yollar, meşələr, sosial obyektlər və inzibati binalarda mövcud vəziyyət tədbirin iştirakçılarına təqdim olunub. Təqdim olunan lentə qısa şərh verilib. Təhsil ilə bağlı görüntülərin təqdimatına başlamaqda məqsədin isə  bu sahənin rayonda dinamik inkişafından irəli gəldiyi qeyd olunub.
Səhiyyə sahəsinə gəldikdə, İsmayıllı rayonunda 3 xəstəxana fəaliyyət göstərildiyi vurğulanıb. Rayonda cəmi 133 nəfər həkim çalışır. Şəhərdəki tibb müəssisələrinin bugünkü vəziyyətini kadrlardan müşahidə etdikdən sonra kənd xəstəxanalarının vəziyyətini təsəvvür etmək çətin deyildi. Təəssüf  ki, Mərkəzi xəstəxanada müasir şəraitin olmaması əhalini müayinə və müalicə üçün qonşu rayonlara üz tutmağa məcbur edir.
Mədəniyyət sahəsində ürək açan bir mənzərə təqdim etmək olmur. İsmayıllı rayonunda 3 muzey, 49 kitabxana var. Kənd klublarının çoxu acınacaqlı vəziyyətdədir. Hətta, İsmayıllı Mədəniyyət Mərkəzində aparılmış çəkilişlər də deyilənləri təsdiqləyir. Uşaq İncəsənət Məktəbinin təmirinə, eyni zamanda şəhərdə daha bir incəsənət məktəbinin tikintisinə ehtiyac var. Bu həm də gənclərin, yeniyetmələrin asudə vaxtının təşkili, istedadların araşdırılması və inkişaf elətdirilməsi üçün vacibdir. Mədəniyyət ocaqlarında çəkilən kadrlar dediklərimizə ən ədalətli bələdçidir.
Meşələr haqqında qeyd olunub ki, Tanrı İsmayıllıya gözəl təbiət bəxş edib. Təəssüf ki, meşələrin çoxu qırılıb və Milli park kimi özəlləşdirilib. Meşələr sağlamlığımızın göstəricisidir. Akademik Həsən Əliyev sanki İsmayıllı meşələrini nəzərdə tutaraq yazıb: Meşələr ərazidəki sivilizasiyanın taleyini müəyyənləşdirir. Qırılan meşələr qısalan ömrümüz, azalan suyumuz, ayağımızın altından qaçan torpağımızdır.
Yollarımız nümayiş olunduqda şəhər ərazisindəki bərbadlığın təbii ki, müvəqqəti hal, su-kanalizasiya işləri ilə bağlı olması bildirilib. Kəndlərə gedən və kənddaxili yollara isə bu arqumentlə  yanaşmaq olmur. 
Ümummilli lider H.Əliyev demişdir: Yol iqtisadiyyat, yol mədəniyyət, bir sözlə yol həyat deməkdir. Diqqətinizə çatdırılan bu yollar iqtisadiyyatımızı, mədəniyyətimizi həmçinin bugünkü həyatımızı açıq-aydın əks etdirir.
Sosial obyektlər və inzibati binalarla bağlı məlumatlar da qonaqların rahatlığını xeyli pozub. 1978-ci ildə - rayon əhalisi 53,8 min nəfər olan zaman 10 məktəbəqədər müəssisə var idisə, bu gün də bu rəqəm dəyişməz qalıb. Nədənsə bəzi bağçalar özəlləşdirilib.
Ənənəvi sənətkarlıq sahəsi olan kəlağayı istehsalının bugünkü münasibət “Bu sahə niyə bərpa olunmasın?”- sualına  səbəb olub.
Keçmiş Texniki-Təmir Mərkəzi, yağ-süd zavodunun ümumi vəziyyəti görülməli işlərin çoxluğundan xəbər verir. Avtovağzal binasının  qeyri-münasib yerdə salınması, rentabelli olmaması, antisanitariyası rayona cənub tərəfdən  daxil olan qonaqlarda arzuolunmaz təəssüratlar  yaradır.
Turizm üçün perspektivləri olan rayonumuzda turizm-istirahət mərkəzlərinin xidmətləri lazımı səviyyədə deyil. 
Göstərilən kadrlarda ticarət obyektlərinin əksərində, Mərkəzi bazarın və onun ətrafında antisanitariyanın  hökm sürdüyü vəziyyəti dözülməz, ticarət mədəniyyətinin aşağı olması qeyd olunub.
Görüntülər öz sözünüdedi qonaqlar da vəziyyətdən çıxmağın yolları barədə fikirlərini dedilər.
Şahməmməd Soltanov

 

 

  • İsmayıllı RİH başçısı Mirdamət Sadıqovla bir görüşün xoş təəssüratları

Maşınımız sıx meşəlikləri, ovuc-ovuc dumanlı dərələri, boz təpələri arxada qoyub irəlilədikcə biz – Şirvan Apelyasiya Məhkəməsinin hakimi Amil Dosiyevlə mən İsmayıllının gözəl təbiətindən, atlas meşələrindən, diş göynədən bulaqlarından, axar-baxarlı bağlarından danışırıq. Bəlkə də dünyanın nümunəvi dövlətləri ilə müqayisə oluna biləcək bu məkan haqqında böyüklərdən eşitdiklərimizi beynimizin dərin qatlarından eşələyib çıxarır, turistlərin qəlbini oxşaya biləcək füsunkar bölgənin tanınmış simalarını, nurlu ziyalılarını, qurub-yaratmaq əzmli insanlarını, sərvətlərini, bir sözlə, İsmayıllının özünü bir daha yada salır, dönə-dönə xatırlayırıq. Yol yoldaşım kövrək təəssüratlarla uşaqlıq, yeniyetməlik dövrlərində İsmayıllıda dincəldiyindən, doğulub boya başa çatdığı Cülyanın təkrarsız gözəlliyindən danışır.
Beləcə, günortaya yaxın İsmayıllıya çatırıq. Artıq hava əsl yazın gəlişindən xəbər verir. Mərkəzi parkda İsmayıllı rayonuna təyin edilmiş yeni icra başçısı Mirdamət Sadıqovla Bakıda yaşayan ziyalılar, iş adamları, müxtəlif sahələrdə çalışan ismayillilarla görüşü nəzərdə tutulub. Bəli, tədbir baş tutur. Az keçmir, ağzınacan dolu böyük iclas zalına İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqov, İsmayıllı rayonundan deputat seçilmiş Novruzəli Aslanov, Ərəstun Cabadov, eləcə də rayonun icra, hüquq-mühafizə orqanlarının nümayəndələri daxil olurlar. Zaldakıların səbirsizliklə, böyük ümidlərlə gözlədiyi görüşü Ailə və Uşaqlara Dəsrək Mərkəzinin direktoru Lətifə Əliyeva açıb qonaqları salamlayır, onları qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir. Sonra ekranda İsmayıllının problemlərini əks etdirən süjetlər, fotoittihamlar canlandırılır, bu günü haqqında videolar göstərilərək zəngin təəssüratlar yaradılır.
Bu kadrlardan təsirlənən rayonun ağsaqqalı Fərman Bəşirov söz alaraq rayon rəhbərliyi ilə təşkil edilmiş bu görüşə görə təşkilatçılara dərin təşəkkürünü bildirir, qədim Oğuz yurdunun zəhmətkeş, əməyə bağlı insanlarının fədakarlıqlarından, bu məkanda ziyalıya, ağsaqqala olan hörmətdən danışır. Amma nümayiş olunan kadrlara da öz münasibətini bildirir.
Lətifə xanım bugünkü tədbirin hazır ssenari üzrə yox, tam sərbəst, demokratik və şəffaflıq şəraitində keçirildiyini nəzərə çatdırır. Odur ki, ilk sözü rayonun ağsaqqalı, mübariz təbiət şairi Musa Yaqub alaraq ismayıllıların həmişə əzmkarlıqlarından, qurub-yaratmaq həvəslərindən danışır, dövlətə, dövlətçiliyə sədaqətlərindən, ölkə rəhbərinin bütün sahələrdə apardığı uğurlu siyasəti dəstəklədiklərini bildirir. Mirdamət Sadıqovun da rayona təyinatını uğurlu addım hesab etdiyini, həm də ismayıllıların sevinclə qarşıladıqlarını qeyd edir. İnanır ki, Mirdamət müəllim həm Prezident İlham Əliyevin etimadını doğruldacaq, öz səmərəli fəaliyyəti ilə ismayıllıların da rəğbətini qazanacaq.
Deputatlar Ə.Cavadov, N.Aslanov çıxışlarında bildirirlər ki, hər zaman icra hakimiyyətinin başçısının yanında olacaqlar. Öz seçicilərinə arxalanan hər iki deputat ismayıllıların sosial-mənəvi tələblərinin yerinə yetirilməsi üçün onlara əllərindən gələn köməklikləri etdiklərini bildirirlər. Məlum kadrlarda göstərilmiş neqativ halları müşahidə edən millət vəkilləri bu səhnələri acı təəssüf hissi ilə qarşıladıqlarını dilə gətirirlər. Novruz Aslanov əhatəli və məzmunlu çıxışında rəhbərlik etdiyi  Qızıl Ayparaçıların builki Prezident seçkilərində möhtərəm İlham Əliyevin namizədliyini dəstəklədiklərini qeyd edir. Ümid edir ki, ismayıllılar da dövlətçiliyimizin təminatçısı cənab İlham Əliyevin prezident seçkilərində namizədliyini yekdilliklə dəstəkləyəcəklər.
Bakıda yaşayan ziyalılar Rüstəm Məmmədov, iqtisad elmləri doktoru Rəsul Balayev, tarixçi, Beynəlxalq Xəzər Dəniz Gəmiçiliyi Həmkarlar Komitəsinin sədri Şahin Orucov, rayon ziyalısı Vaqif Rəhimov göstərilən ürəkağrıdıcı kadrlara münasibət bildirir, rayonun sosial tərəqqisi naminə təkliflərini verir, quruculuq işlərində rayon rəhbərliyinə hər zaman dəstək olacaqlarını vurğulayırlar.
İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqov görüş üçün təklif alıb gələn bütün ismayıllılara, ziyalılara, iş adamlarına təşəkkür edir. Özünün təyinatını yüksək qiymətləndirən, ölkə başçısı ilə görüşündə onun qarşıcında qoyulmuş məsul, mühüm vəzifələrdən danışan Mirdamət müəllim ismayıllılara, Bakıda yaşayan ziyalılara güvəndiyini inamla bildirir. Ona görə də onları buraya dəvət etdiyini, rayonun çiçəklənməsi üçün nə kimi təkliflərlə çıxış edə biləcəklərini qeyd edir. Rayonda ayrı-ayrı sahələrdə və ərazilərdə, gənclərlə, ağsaqqallarla görüşlərdə müzakirəyə çıxarılan məsələləri fəaliyyət tezisi kimi qəbul edən RİH başçısı yazın ilıq günlərinə təsadüf etmiş bu görüşün aktuallığını, əhəmiyyətini də söyləyir:
- Bu görüşlər RİH başçısı kimi mənə rayon əhalisi ilə sıx ünsiyyətdə olmaq, rəy və təcrübə mübadiləsi aparmaq imkanı verdi. Doğrudan da tarixdə bəzən ən mühüm hadisələr elə sürətlə baş verir ki, onların əhəmiyyətli məqamları müəyyən vaxt keçəndən sonra hiss olunur. Bizim buradakı səmimi və işgüzar görüşümüz də beləcə orijinallığı ilə tarixə düşür. Bugünkü görüş Bakıda yaşayan ziyalılarımızın, iş adamlarının, eləcə də onlarla zalda oturmuş yerli insanların da qarşısında böyük, məsul vəzifələr qoyur. İnanıram ki, bu görüşdən sonra həyatımızın hər sahəsində, rayonun qurulması istiqamətində ismayıllılılarda əvvəlkindən daha çox fəallıq, daha artıq təşəbbüskarlıq hiss olunacaq. Bir təəssübkeş icra başçısı kimi hər bir ismayıllılıya qayğıkeşliklə, həssaslıqla yanaşacaq, onları, elə özümü də narahat edən məsələləri yoluna qoymağa çalışacağam.
Səmimi və işgüzarlıqla müşayiət olunan daha bir görüş başa çatır. Zaldakı insanlar - hamı bir nəfər kimi uzun müddət bu görüşü böyük ümidlərlə, xoş təəssüratlarla xatırlayacaqlarını bildirirlər.
Sonda İsmayıllı RİH başçısı Mirdamət Sadıqov qonaqları “Gülüstan” şadlıq evində təşkil Novruz bayramı süfrəsinnə dəvət edir..
*** Sonra qonaqlar yenidən görüşmək arzusu ilə ayrılırlar. Yolboyu yenidən bu yerlərin gözəllikləri, qonaqpərvər, zəhmətkeş adamları haqqında düşünürük. Axşamtərəfidir.  Yenə yaz dumanı dərələrdə sürünür...
Daşdəmir Əjdəroğlu,
jurnalist

Keçidlər