Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyalı qonaqlar İsmayıllı rayonunun İvanovka kəndində olmuşlar

24 iyun 2014 | 15:00

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 23-də günün ikinci yarısında İsmayıllı rayonunun rusların yaşadıqları İvanovka kəndinə gəlmişlər.
AzərTAc xəbər verir ki, kənd mədəniyyət sarayının qarşısında rusiyalı qonaqlar duz-çörəklə qarşılanmışlar.
İsmayıllı rayonunun, Nikitin adına kolxozun rəhbərlərinin, ağsaqqal və ziyalıların iştirak etdikləri qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina qonaqları salamlayaraq İvanovka kəndi, onun sakinləri, insanların məşğuliyyəti, kolxozun nailiyyətləri barədə qısa məlumat vermişdir.
O.Jabina Azərbaycanda rahat, dinc şəraitdə yaşadıqlarını qeyd edərək Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən faydalandıqlarını, bu əlaqələrin artıq onların həyat tərzinə çevrildiyini bildirmişdir.
Sonra qonaqlar mədəniyyət sarayı ilə tanış olmuşlar. Sarayın foyesində təşkil olunmuş çay süfrəsi arxasında onlar kənddəki “Slavyanka” folklor qrupunun ifasında rus və Azərbaycan musiqisindən nümunələri dinləmişlər.
Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində demişdir: “Azərbaycan öz tolerantlığı ilə digər ölkələrə nümunədir. Buna hər kəs heyran qalmışdır. Azərbaycanda hamı bir ailə kimi bərabər, sərbəst və rahat yaşayır. Ölkəmizin bütün vətəndaşlarının imkanları da eynidir. Azərbaycanda son illərdə baş vermiş böyük dəyişiklikləri ölkəmizə gələn hər kəs hiss edir və yüksək qiymətləndirir. Rusiya ilə də əlaqələrimiz yüksək səviyyədədir”.

Keçidlər