“Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq.
İyulun 10-da İsmayıllıda Bakının Binəqədi rayonunda reallaşan “Təmiz Binəqədi” layihəsinə qoşulmaq təşəbbüslü toplantı keçirildi.
RİH-nin başçısı cənab Mirdaməd Sadıqov layihə barədə ətraflı məlumat verdi və günümüz üçün aktual olan təmizlik və sanitariya məsələləri barədə danışdı. “Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq işləri və layihənin icra mexanizmi barədə tapşırıqlar verdi.
Cənab başçı qeyd etdi ki, bu gün şəhərimizdə sanitariya-gigiyena məsələləri heç də ürəkaçan deyil, problemlər olduqca çoxdur. Biz layihəni reallaşdırmaqla həyat tərzimizi sanitariya tələblərinə uyğunlaşdırmalıyıq. İsmayıllı təmiz və sanitar tələblərə cavab verən bir məkana çevrilməlidir.
Təbliğat və təşviqat işləri, geniş maarifləndirmə tədbirləri aparmalıyıq. Bələdiyyə sədri, icra nümayəndəsi bu işdə daha fəal olmalıdır. ”İsmayıllı xəbərləri” təbliğat işlərini gücləndirməlidir. Məktəblərimizdə, mədəni-maarif müəssisələrimizdə gənclər arasında geniş iş aparılmalıdır.
Toplantıda RİH başçısının birinci müavini R.Ağayev, YAP qadınlar şurasının sədri X.Qurbanova, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şəhər bələdiyyə sədri F.Məmmədov, Şəhər İƏD üzrə nümayəndə M.Əhmədov və başqaları təkliflərlə çıxış etdilər.