Şriftin ölçüsü :

Saytın rəngi :

Nəticələrmiz sevindirici olacaq

12 iyul 2014 | 15:00

12 iyulun yenicə açılmış səhəri. İsmayılı şəhərinin mərkəzində qələbəlikdir. Hamı bir-birini salamlayır, biri-birinə xoş arzularını çatdırır, uğurlar diləyir. Bu qeyri-adiliyə səbəb Göyçay şəhərində abituriyentlərin I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarıdır.
Saat 7:30-dur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova abituriyentlərə başçı Mirdaməd Sadıqovun salamlarını, xoş arzularını çatdırir, onlara təhsildə və həyatda uğurlar, nailiyyətlər arzulayır.
Müstəqil həyata yenicə qədəm qoymuş, tələbə olmaq arzusu ilə ürəkləri həyəcanla döyünən məzunlara xoş sözlərini söyləmək, uğur arzulamaq, bununla yanaşı, təhsillə bağlı son məlumatları toplaşanlara çatdırmaq istəyi ilə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edir.
Rasim müəllim tələbə adını qazanmağa çalışan gənclərə uğurlar diləyir, son illər rayon təhsilində əldə olunan nailiyyətlərdən danışır, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlərdən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırır. Bunu ölkə başçısının təhsilə göstərdiyi diqqətlə əlaqələndirən natiq qeyd edir ki, bu il orta ümumtəhsil məktəblərini bitirən 837 nəfərin böyük əksəriyyəti tələbə adı qazanmaq üçün mübarizə aparır. Bu gün Göyçayda baş tutacaq I və IV qrup imtahanlarında 209 nəfər iştirak edir.
İsmayıllı məzunlarının II və III qrup imtahanlarında iıtirakı isə iyul ayının 20-də baş tutacaq.
RİH başçısının tapşırığı əsasında abituriyentlərin Göyçay şəhərinə aparılması üçün avtobusların ayrılması artıq ənənə halını alıb. Abituriyentlərin yolda və imtahan zamanı içəcəkləri suya qədər tədarük edilib, ən xırda detallar belə düşünülüb. Bu həm maddi, həm də mənəvi baxımdan yaxşı haldır.
İsmayıllının təmiz, xoş əhval-ruhiyyə bəxş edən, gözəl havası insan ruhuna zövq verir. Belə zövqlü anları yaşayan abituriyentlər tək olmadıqlarını, onlara xüsusi qayğının göstərildiyini görüb fərəhlənirdilər. Meydana toplaşanların əksəri bu birliyi bu təşkilatşılığı ölkə və rayon rəhbərliyinin diqqət və qayğısı kimi qəbul edir, razılıqlarını bildirirdilər.
Abituriyentlər avtobuslara əyləşirlər. Bu arada İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanovun fikirlərini öyrənirəm:
- Rayonumuzda bayram əhval-ruhiyyəli bir gündür. Çünki, abituriyentlərimiz imtahan verməyə yola düşürlər. Hər il imtahanların nəticələri yüksək olub. Keçən il 21 nəfər 600-dən yuxarı, 52 nəfər 500-600 arası bal toplamışdı. Buna səbəb isə məzunlarımızın hazırlıq səviyyəsinin yüksək olmasıdır. Bununla yanaşı, onu da qeyd edim ki, ötən illərdə şagirdlərimizin imtahana getməsində müəyyən çətinliklər yaranırdı. Uşaqlar bir gün öncədən evdən çıxıb imtahana getməlli olurdu. Bu da bəzi gərginliklərə səbəb olurdu. Lakin, bu gün gördüyünüz kimi, rahat avtobuslar ayrılıb. Uzağı bir saata onlar Göyçay şəhərində olacaqlar. Abituriyentlərimizlə yanaşı, valideynlərinin də onlarla bərabər getməsi üçün şərait yaradılıb. İnanıram ki, bu imtahanqabağı şərait nəticələrə də müsbət təsir göstərəcək. Əvvəlki illərdə savadlı uşaqlarımızdan bəziləri biliklərini yüksək səviyyədə nümayiş etdirə bilmirdi, psixoloji gərginliyə düşürdü. Lakin, bu il uşaqların üzlərində olan inam, onu deməyə əsas verir ki, nəticələrmiz daha sevindirici olacaq.

Keçidlər