Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllılar sürətli və dinamik inkişaf yollarında

18 iyul 2014 | 15:00

2014-cü ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İstər rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsində, istərsə də çıxışlarda ilk öncə diqqət iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasına, iclasda ölkə başçısının proqram xarakterli nitqinə, bu nitqdə konkret faktlara əsaslanan təhlillərə cəlb etmiş, Azərbaycanda qazanılan uğurlardan iftixarla söz açmışlar.
Cari ilin 6 ayında rayonda sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələr qazanıldığı qeyd olunaraq, bölgədə inkişafın yeni mərhələsinin yaşandığı vurğulanıb. Bildirilib ki, yarım ildə rayonda 68 milyon 323 min manatlıq ümumi məhsul istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 235 min manat və ya 8,3 faiz çoxdur.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında ümumi məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 15 milyon 275 min manat artıb. Builki çətin hava şəraitində 28 min 849 hektar sahədə taxıl yetişdirildiyi, hər hektardan 28,1 sentner olmaqla hələlik 70 min 587 ton  məhsul yığıldığı bildirilərək bu sahədə fermerlərin, eləcə də fiziki şəxslərin gərgin əməkləri, fədakarlığları qeyd olundu.
Üzüm plantasiyalarının, meyvə bağlarının sahəsinin genişləndirildiyini vurğulayan natiqlər mühüm sahə olan heyvandarlıqda, heyvandarlıq məhsulları istehsalında yarım ildə yaxşı nəticələri qazanıldığını bildirərək, bu nəticələri müqayisəli faktlarla iştirakçılara çatdırdılar.
Yarım ildə İsmayıllıda tikinti-quruculuq və abadlıq işləri ilə əlaqədar xeyli layihələr həyata keçirilib. Mərkəzi rayon xəstəxanasının yenidən qurulması, YAP rayon təşkilatı üçün yeni binanın tikintisi, N.Gəncəvi küçəsində 2 ədəd beşmərtəbəli binanın tikintisi, uşaq əyləncə istirahət parkının inşası, Qalınçaq, Şəbiyan və Külüllü kəndlərində təhsil ocaqları üçün yeni binaların, Sumağallı kəndində uşaq bağçasının, habelə Keyvəndi kəndində 1400 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin inşası və sair məhz bu tədbirlərdəndir.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması xüsusi diqqət mərkəzində olub. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına uzunluğu 18 kilometr olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun 10 kilometr hissəsinə asfalt-beton örtük vurulub. Habelə, İsmayıllı-Lahıc yolunun 7 kilometr dağlıq hissəsinin tikintisi davam etdirilib.
Məruzə və çıxışlarda Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan etməsi ilə əlaqədar bu sahəyə xüsusi diqqət yetirdiyi vurğulanmış və göstərilmişdir ki, rayonda əhəng sexinin fəaliyyəti bərpa olunub. May ayında yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun fəaliyyəti bərpa edilib. “İsmayıllı şərab-2” və “İsmayıllı şərab-1” zavodlarının tam istehsal gücü ilə işləməsi, istehsal olunan məhsulların çeşidinin artırılması istiqamətlərində xeyli işlər görülüb. Habelə, respublikamızda ilk Velosiped istehsalı zavodunun tikintisinə başlanılıb.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən layihələr, əhalinin su, təbii qaz və elektrik enerjisi ilə təminatı istiqamətlərində görülən tədbirlər barədə ətraflı müzakirələr aparılmışdır.
Məruzə və çıxışlarda həyata keçirilən böyük layihələr, sosial-iqtisadi sahələrdə qazanılan uğurlu nəticələr Prezident İlham Əliyevin Azərbaycanın hər bir bölgəsinə, o cümlədən İsmayıllıya göstərdiyi diqqət və qayğısının nəticəsi olduğu dönə-dönə vurğulandı. Bildirildi ki, ölkə başçısının rayona mütəmadi səfərləri, insanlarla görüşləri, vacib problemlərin operativ həlli istiqamətindəki tapşırıq və sərəncamları bu gün İsmayıllının sürətli, dinamik inkişafının başlıca hərəkətverici qüvvəsidir.
Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında İsmayıllı rayonu üçün nəzərdə tutulmuş layihələrdən, bu layihələrin həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələrdən də ətraflı danışıldı.
Hesabat yığıncağında Milli Məclisin deputatları Novruz Aslanov və Ərəstun Cavadov çıxış etdilər.

Keçidlər