Xeyirxahlıq atalardan qalıb
Ulularımız, ata-babalarımız yol açmağı, su çəkməyi, ev tikməyi ən müqəddəs borc, ən savab is biliblər. Çünki, su həyat, yol mədəniyyət, ev beşikdir. Sözümün canı var. Keçən ilin noyabr ayında İsmayıllı rayonunun Basqal, Tağlabiyan və Kəlfərəc kəndlərinin əhalisi yuxudan oyananda bir də gördülər ki, Basqaldan başlayaraq neçə-neçə maşın-mexanizm, mühəndis, mexanizator və yolçəkən başlayıblar bu dağ kəndlərinə yol çəkməyə. Hamını təəccüb bürüdü. Axı, nə 70 illik Sovet dövründə, nə də 20 illik müstəqillik zamanında nəinki bu yollara asfalt çəkən hətta ildə 5-6 maşın daş-kəsək tökən də olmamışdı. Kənd əhalisinin elə gözləri yoldaydı ki, haçan bu bərbad yollara bir əncam çəkən olacaq.
Ən nəhayət, onların arzusu həqiqət, yuxuları çin oldu. 0 gündən başlayaraq hər gün onlarla böyük tonnajlı maşın Sulut çayından daş, qum daşıyır, ekskavatorlar yolu genişləndirir, buldozerlər topa-topa çay daşını yayır, fəhlələr işin ardıcıl və sürətlə getməsinə çalışırdılar. Hətta bir dəfə həmyerlilərimizdən biriylə Bakıda görüşəndə həvəslə dedi ki, bilirsiniz kəndinizə necə yol çəkilir?! Mən Zeyvə kəndindən durub baxmışam, bir saat ərzində Basqal başından Tağlabiyan, Kəlfərəc kəndlərinə daş-çınqıl daşıyan onlarla “Tatra” markalı maşınların yol çəkldiyini görmüşəm. Bu, kimin göstərişi, kimin tapşırığı, kimin xeyirxahlığıdırsa, halal olsun ona! Nə yaxşı ki, həyatda belə adamlar var.
Doğrusu, onda ürəyim dağa dönmüşdü. Axı, məktəb illərində biz Kəlfərəcdən Tağlabiyana, Tağlabiyandan
Basqaladək olan 7 kilometrlik yolu qışın sazağında, payızın leysan yağışlarında yıxıla-dura hər gün gedib-gəlmiş, digər kənd və qəsəbələrdəki kimi bu yolların da haçansa geniş, hamar və nəqliyyatlı olmasını çox arzu etmişdik. Ona görə də bu xəbəri eşidəndə hamıdan çox mən sevinmişdim.
Sonralar bu yolun çəkilişi ilə çox maraqlandım. Öyrəndim ki, bu işdə həmin o, səbəbkar adam - xeyirxah əməllər sahibi ilə birlikdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun və 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevin də təşkilatçılığı və rəhbərliyi böyükdür. Məhz onların tələbkarlığı və bu xeyirxah, vətənpərvər el oğlumuzun böyük vəsaiti hesabına bu yol çox keçmədən - ilin sonlarında tam çınqıl, daş döşənmiş formada Tağlabiyan, Kəlfərəc kəndlərinin istifadəsinə verilmiş, əhalinin böyük sevincinə və minnətdarlığına səbəb olmuşdur.
Onu da deyim ki, bu geniş və rahat yol təkcə Kəlfərəc kəndində bitməmişdir. O həm də bir kilometrə yaxın məsafədə yerləşən Soltan Şeyx Şirəki pirinə qədər çəkilmiş, bu övliyanın ziyarətinə gələn adamların yay-qış hər cür gediş-gəlişini bərpa etmişdir. Ona görə də Soltan Şeyx Şirəki babanı ziyarətə gələn adamlar da başqaları kimi, bu yolun çəkilməsində misli görünməmiş xeyirxahlıq göstərən əsl insanpərvər və vətənpərvər adamın dünyadan köçmüşlərinə rəhmət, özünə isə möhkəm cansağlığı və daha geniş imkanlar arzulayırlar.
Yaxşı iş üz ağardar, baş ucaldar, -demişlər. Belə adamların işi, sözü, söhbəti həmişə dillər əzbəri olub. Elə adını çəkməyə ehtiyac olmayan bu qayğıkeş eloğlumuz da bax belələrindəndir. Atalar necə də gözəl deyib: “Tikmədim özüm qallam, tikdim ki, izim qala”.
Budur, həmin adamın insanpərvərliyini, xeyirxahlığını, abadlıqsevərliyini dünyada hər şeydən üstün tutan (özü kimi) kənd camaatından bir neçəsinin ürək sözlərini olduğu kimi çoxsaylı oxuçularımızın nəzərinə çatdırırıq.
Oqtay Əliyev (Tula Politexnik İnstitutunun məzunu, Kəlfərəc kənd sakini):
-Həyatda çox xeyirxah adam görmüş və eşitmişəm. Düzü, beləsini görməmişdim. Heç bir umacağı olmadan, heç bir məqsəd güdmədən bu boyda yolu çəkdirmək, dağ-dərəni hamarlamaq, su boruları qoydurmaq, ilin hər fəslində 7 kilometrlik yolda hər cür maşının gediş-gəlişini təmin etmək doğrusu, böyük qəhrəmanlıqdır. Belə bir yolu çəkdirən adam tarixlər boyu yaşayacaq. Hamı onun ölənlərinə rəhmət söyləyəcək, özünə bol-bol xeyir-dua edəcəkdir. Bax, əsl vətənpərvərlik, insanpərvərlik buna deyərəm.
Möhübbət Abdullayev (müəllim, kənd sakini):
-İllər boyu biz bu yolu gedib-gəlmişik. Çox vaxt zülm ərşə dirənib. Elə olub ki, xəstəmiz günlərlə yataqda qalıb, qar-qiyamət, yağış-palçıq əlindən biz onu yerindən dəbərdə bilməmişik. İndi Allaha şükür ki, bu ağır vəziyyətdən bir dəfəlik qurtardıq. Yeri gəlmişkən, olmuş bir hadisəni xatırladım. Bu yaxınlarda pirani atam rəhmətə getmişdi. Özünün də, biz qardaşların da el-obada, qıraq-bucaqda dost-tanışımız çoxdur. Ona görə də onun dəfnində, üç-yeddisində, qırxında azı kəndə 70-80 ədəd “Mersedes”, “Mitsubitshi”, “Opel”, “Jiquli”, “Volqa”, “Cip”, “BMW”, “Niva” və s. markalı maşın gəlmişdi. Hamısı da rahat gəlib, rahat da getdilər. Əgər bu yol belə rahat, belə geniş, belə maraqlı olmasaydı, biz gələn qonaqlar qarşısında nə qədər xəcalətli qalardıq?!. Sağ olsun bunu yaradanlar.
Əlsafa Quliyev (el ağsaqqalı):
- Mənim yaşım 80-ni keçib. Bu yollarda çox zillət çəkmişik. Fərz edin ki, hər dəfə bizim Bakıdan, Sumqayıtdan Basqala 180 km-lik məsafəni gəlməyimiz üç-dörd manata, Basqaldan yuxarı - Kəlfərəcə “Niva” ilə qalxmağımız isə (bu yolu ancaq “Niva” gələ bilirdi) yazda-yayda on manata, qarlı qışda isə 15-20 manata başa gəlirdi. Bəzən heç o da mümkün olmurdu. İndi Allaha şükür, ölmədik bu günü də gördük. Mən bütün bu kəndlərin camaatı adından böyük mənsəb, məslək sahibi olan, saf və müqəddəs məqsədlərə xidmət edən, elin mənafeyini öz mənafeyindən üstün tutan bu vətənpərvər el oğlumuza dərin təşəkkürümü bildirir və ona dünyada hər şeydən əziz olan möhkəm cansağlığı arzulayıram. Anadan əmdiyi süd ona halal olsun!
Elə buradaca yadıma hörmətli xalq şairimiz Səməd Vurğunun bu misraları düşdü:
Hər kim öz əliylə bircə şitil də
Basdırsa anamız qara torpağa.
O şitil bir ağac olur bir ildə,
İnsana hörmətlə qalxır ayağa...
İldırım Dəmirli
Kəlfərəc, iyun, 2014. ("İnsan və təbiət" qəzeti)