Şriftin ölçüsü :

Saytın rəngi :

Ustad xalçaçının 95 illiyi

02 avqust 2014 | 15:00

Gülgəz Seyfalıyeva 1919-cu ildə Qalacıq kəndində dünyaya gəldi, kiçik yaşlarından xalq toxuculuq sənətinin incilərindən olan xalçaçılığa meyl saldı, incə sənəti anasından öyrəndi. Ailə qurmaq yaşına yetəndə həmkəndlisi Daşdəmirə könül verdi. İki qəlbdə yuva  salan bir saf məhəbbətin  nəticəsi olaraq bir oğul, iki qız dünyaya gəldi.
   İkinci dünya müharibəsi başlayanda Daşdəmir müəllim şagirdlərini və öz körpələrini taleyin ümidinə buraxıb döyüşə getdi və bir daha qayıtmadı.
   Əslən  qədim Lahıc qəsəbəsinin sakini olan Hacıbaba  Seyfalıyev Buynuz kənd məktəbində  işləyirdi. Həyat yoldaşı vəfat etmişdi. Gülgəz xanım tez-tez Buynuzdakı  qohumlarının  yanına gəlib-gedirdi. Müəllimlə xalçaçı xanım tanış oldular .Yəqin fikirləşiblər ki, həyat davam edir. Tənha vəziyyətdə bu davamda  iştirak etmək olmaz. 1949-cu  ildə razılığa gəldilər ki, müxtəlif istiqamətlərdə davam edən həyatlarını bir axara yönəltsinlər. Təkrar qurulan ailə Lahıca köçdü. Bu illərdə misgərlik, digər xalq sənətkarlığı növləri tənəzzülə uğramışdı. İnsanların həyat şəraitində çətinliklər yaranmışdı. Kənd təsərrüfatı olmayan Lahıcın  sənətkarlığından da gəlir gəlmirdi.  Rayon rəhbərliyi çıxış yolunu xalçaçılığı inkişaf etdirməkdə gördü. Bu ümidi də ancaq Gülgəz xanım doğrulda bilərdi. 1955-ci il aprel ayının birində Lahıcda ilk xalçanın  toxunuşuna başlandı. Bir neçə nəfər qıza Gülgəz Seyfalıyeva xalçaçılığın  sirlərini  öyrətməyə başladı.  Onların da hər biri ətrafına  qızları toplayıb  öyrəndiklərini öyrətdilər.  Tacı Salmanovun  sədr olduğu artelin 2 toxuculuq sexində  xalçaçıların  sayı 1975-ci ildə artıq 400 nəfərə çatmışdı. Xalçaçılıq inkişaf etdikcə  Lahıc da inkişaf etməyə, qəsəbə sakinləri yaxşı yaşamağa imkan tapdılar. Çörək dalınca başqa yerlərə köçün qarşısı alındı.
     Gülgəz xanımın  Lahıc və onun ətrafındakı  dağ kəndlərinin  sakinləri  qarşısında  belə böyük, əvəzsiz xidmətləri olub. Bunları nəzərə alan  rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Gülgəz Seyfalıyevanın  anadan olmasının 95 illik yubileyinin  keçirilməsi barədə sərəncam  verib. Yubiley tədbiri Lahıc qəsəbə tam orta  məktəbinin zalında keçirildi. Tədbir iştirakçıları, Qalacıqdan, Lahıcdan və İsmayıllıdan gəlmişdilər. Əvvəlcə Gülgəz xanımın  Qalacıq və Lahıc həyatı, tanınmış xalça ustası olmağı ilə bağlı videorolik nümayiş etdirildi, slaydlar göstərildi. Mirdaməd Sadıqov  Gülgəz Seyfalıyevanın  Lahıc və İsmayıllı sakinləri  qarşısındakı xidmətlərindən, ustad toxuculuğundan,  nümunəvi xanımlığından ətraflı, bir övlad məhəbbəti ilə danışdı. Əməkdar müəllim  Ənvər Balayev, Gülgəz xanımın keçmiş şagirdləri  Mina Əliyeva, Göyçək Umudova, xalça fabrikində mühasib işləmiş Məcid Abbasov və başqaları Gülgəz xanım barədə səmimi ürək sözlərini dedilər.
     Yubilyarın qızı Şəmsə Əliyeva  anasına həsr etdiyi şeri və   xalçaçılığı 5 yaşından ondan öyrəndiyini dedi. Aşıq Yanvar, rayon mədəniyyət və turizm şöbəsinin musiqi və mahnı ifaçıları yubiley tədbirinə bədii zənginlik gətirdilər. İsmayıllı xəbərləri qəzetinin redaktoru  Şahməmməd Soltanov  ustad xalçaçıya  həsr etdiyi şeri söylədi.
Keçmişə verilən dəyərdən bütün iştirakçılar razı qaldılar, tədbirin ideya müəllifinə və təşkilatçılarına  təşəkkür etdilər.
    Mirdaməd Sadıqovun bütün istiqamətlər üzrə fəaliyyəti İsmayıllı əhalisi tərəfindən təqdir  olunur. Daha çox bəyənilən odur ki, hər bir siyasi, ideoloji, mədəni, mənəvi  layihələri üçün o, ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərini, tövsiyələrini və müdrik  sözlərini əsas götürür.
    Gülgəz Seyfalıyevanın 95 illik yubileyinin keçirilməsində ulu öndərin aşağıdakı hikmətli sözlərinə  istinad edilmişdir:
     “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.”
    Yubiley tədbiri keçmişə verilən qiymət, yeni nəsilə isə örnək oldu.

Keçidlər