Əsil ziyalı mühiti yaradılmalıdır
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov işə başladığı ilk gündən bütün əhali qrupları ilə görüşür, bölgəni gerilikdən çıxarmaq yolları, insanların həyatındakı problemlərin həlli, siyasi-ideoloji və mənəvi mühitin yaxşılaşdırılması, bütün fəaliyyət istiqamətlərində qanunçuluğun bərpası, təhsilin, səhiyyənin, mədəniyyətin ölkənin müasir inkişaf səviyyəsinə çatdırılması barədə onlarla məsləhətləşir.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 18 mart 2013-cü il tarixdə şəhər 3 saylı tam orta məktəbin müəllimləri və təhsil işçiləri ilə məhz bu məqsədə əsaslanaraq görüşdü. Ziyalıları salamladıqdan sonra dedi:
Cənab Prezident İlham Əliyevə minnətdaram ki, mənə öz rayonumun problemlərini həll etməyi tapşırdı. İsmayıllı sakinlərinin qayğısına qalmaq məsuliyyətini üzərimə qoydu, mənə etimad göstərdi. Mən indi daha imkanlıyam ki, sizinlə birgə çox iş görüm, insanlara layiq olduqları həyatı yaşamaqda kömək edim. Əvvəlcə onu qeyd edim ki, adam başına düşən gəlirə görə ətraf rayonlardan çox geri qalırıq. Ümumi daxili məhsul istehsalına, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafına görə də gerilik özünü göstərməkdədir. İsmayıllı şəhərində 193 kilometr uzunluğunda 81 küçə var. Onun cəmi on beşində işıqlandırma sistemi quraşdırılıb. Səhiyyədə gerilik xüsusilə narahatlıq doğurur. Mərkəzi Xəstəxananın hesabatları reallığı əks etdirmir. Yoluxucu xəstəliklər artır. Rayonun sosial həyatının heç bir istiqamətində normal bir vəziyyət yoxdur. Bazar antisanitariya vəziyyətindədir. Ticarətin təşkilindən danışmağa belə dəyməz.
Mədəniyyət və turizm sahəsində əsaslı bir işin şahidi olmaq mümkün deyildir. Mədəniyyət mərkəzi qəzalı vəziyyətdədir. Xalq teatrı varmı? Hansısa bir maraqlı tədbirin keçirilməsinin şahidi olmusunuzmu? Mədəniyyət və turizmlə bağlı qrant layihələri barədə kimsə düşünməyib.
Təhsil sahəsində nailiyyətlər var. Bunlarla yanaşı qəzalı vəziyyətdə olan, qızdırılmayan, sanitariya-gigiyena qaydalarına cavab verməyən, başdansovdu təmir olunan məktəblər də var. Rayonda 6 min nəfər bağça yaşlı uşaq olsa da, cəmi 10 uşaq bağçası mövcuddur. Belə ehtiyacın qarşısında şəhər ərazisindəki 2 uşaq bağçası və körpələr evi özəlləşdirilib. Təəssüf ki, qanunla müəyyən olunmuş müddətdə öz profilinə uyğun fəaliyyət göstərməyib.
Təhsil elə səviyyədə inkişaf etməlidir ki, repetitorluğa ehtiyac qalmasın. Müəllimlər qrant layihələri işləməli və o layihələrdən qazanc əldə etməlidirlər.
Sizinlə bu fikirləri ona görə bölüşürəm ki, hər yerdə ziyalı mövqeyi, ziyalı sözü özünü göstərməlidir. Rayonda əsil ziyalı mühiti yaradılmalıdır. Bu işdə müəllimlərimiz öndə getməlidirlər.
Nöqsanları ona görə çox qeyd edirəm ki, onlara siz də ziyalı mövqeyindən yanaşasınız. Tək məktəbin fəaliyyəti yox, bütün sahələrdə gedən işlər də diqqətinizdə olmalıdır. İsmayıllı ilə qonşu olan rayonların ortaq iqtisadiyyatı və kənd təsərrüfatı istehsalı Aqrotexnologiya universitetinin açılması zərurətini ortaya çıxarmışdır. Sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılmasına başlanmışdır və bu davamlı olacaq. 13,5 faizdən yuxarı rayonda kredit verilməyəcək. Əsas məqsəd ondan ibarətdir ki, insanlar üçün iş yerləri açılsın. Bir ay müddətində 700 nəfər işə düzəlib. 17 martda Əmək yarmarkası keçirilib və burada iş axtaranlara 400 iş yeri təklif olunub.
Sizi tam əmin edirəm ki, bundan sonrakı fəaliyyətdə heç bir neqativ hal baş verməyəcək, bütün sahələrdə şəffaflıq hökm sürəcək, kimsə kiminsə haqqına, hüququna toxuna bilməyək. Əsas amalımız, məqsədimiz xalqa xidmətdir. Bu xidmətin daha bir istiqamətində də işlər başlanmışdır. Bir neçə məhəllədə xeyir-şər evləri tikilir. Sanitariya-gigiyena qaydalarına cavab verəcək bu evlər xidmətçilər və xidmət avadanlıqları ilə təmin ediləcəkdir.
Cavanşir yurdunda onun adına park salınacaq və abidəsi qoyulacaq. Şəhərsalma qaydaları bərpa olunacaq. Şəhərin özünəməxsus memarlıq üslubu yaranacaq. Vətəndaşlar ev tikintisində heç bir süni maneə ilə rastlaşmayacaqlar. Hər kəsə işləyərək yaşamaq şəraiti yaradılacaq. Torpaqlardan istifadənin səmərəli yolları müəyyənləşdiriləcək. İnsan həyatı üçün lazımi şərait yaradılacaq, tibb məntəqələri, məktəblər açılacaq ki kəndlər boşalmasın, torpaqlar sahibsiz qalmasın, sıradan çıxmasın. Pay torpaqları becərilsin, nəsildən nəslə ötürülsün. Yeni yaradılmış intellektual karyera mərkəzində iş axtaranlar uyğun istiqamət götürə biləcəklər.
Rayonun sosial-iqtisadi həyatının bütün istiqamətlərində rəqabət mühiti bərqərar olacaq. Rayonun inkişafı və insan həyatının zənginləşməsi üçün mümkün olan hər şeyi edəcəyik. Təbiidir ki, hər birinizin fəal iştirakı ilə.
RİH-nin başçısı Mirdaməd Sadıqovun səfərbəredici və səmimi çıxışından sonra məktəbin müəllimləri Mövlud Ağayev, Natiq Salmanov, Namiq Salmanov və direktor Əhmədağa Ələkbərov çıxış edərək az müddətdə görülən çox işlər üçün minnətdarlıqlarını bildirdilər, məktəb və rayonun ictimai həyatı ilə bağlı bir sıra problemlərdən danışdılar.
Rayon rəhbərliyi ilə görüşdən ziyalılar gələcək fəaliyyətləri üçün istiqamət götürdülər və görüşdən məmnun qaldıqlarını bildirdilər.