Şriftin ölçüsü :

Saytın rəngi :

Mərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdır

19 avqust 2014 | 15:00

19 avqust 2014-cü il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, yerli İƏD-lər üzrə icra nümayəndələrinin  iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Respublikamızda dövlət-din münasibətlərinin başqa ölkələr üçün nümunə olacaq səviyyədə formalaşmasından, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq modeli olduğundan, mərasimlərimizin milli-mənəvi-mədəni və dini dəyərlərə uyğun keçirilməsinin  vacibliyindən  ətraflı danışıb. Xüsusilə onu bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bütün dinlərə mənsub  insanların  dini ayinləri icra etməsi üçün  nümunəvi şərait yaradır. Məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir, yeniləri tikilir. Vaxtilə öz məqsədindən  kənarlaşdırılıb təsərrüfat, məişət, mədəniyyət obyektlərinə çevrilmiş Allah evləri yenidən inanclı insanların üzünə açılır.
RİH-nın başçısı  onu da qeyd etdi ki, dini ayinlərin icrasındakı bəzi  kiçik zahiri fərqlər mahiyyətə təsir etməməlidir. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Dini  ayinlərin icrasında kimsə özünü kimsədən daha inanclı, daha üstün, daha düzgün olduğunu göstərmək cəhdində olmamalıdır.
Mərasimlərimiz elə səviyyədə keçməlidir ki, burada bərabərlik pozulmasın, fərqlilik yaranmasın, yas və toy mərasimlərində israfçılığa yol verilməsin. Əslində israfçılıq günah işlər sırasındadır. Dini ayinlərin icraçıları yaxşı  bilməli və təbliğ etməlidirlər ki, çoxsaylı təamlar, meyvələr, çərəzlər, şirə və sularla bəzədilmiş süfrələrin dünyasını dəyişənə əsla dəxili yoxdur. Ehsanın yalnız  yeməkdən ibarət olduğunu düşünmək məqbul hal hesab edilə bilməz. Körpü salmaq, yol  və su çəkmək,bir imkansıza əl tutmaq, ehtiyaclı  insanların yanında olmaq, dindaşına, soydaşına  mərhəmət göstərmək, ev tikənə yardımçı olmaq ehsanın  bəyənilən istiqamətlərindəndir. Din xadimləri, ağsaqqallar, icra və yerli özünüidarə orqanlarının  nümayəndələri birgə bu məsələləri tənzimləməli və hamı tərəfindən bəyənilən vahid yolla getməyə üstünlük verməlidirlər. Mərasimlərimiz nəyinsə nümayişi məclisinə çevrilməməlidir.
Mirdaməd müəllim məsləhət gördü ki, din xadimləri, axund və imamlar sosial mühitin saflaşmasında, milli-mənəvi və dini  dəyərlər əsasında gənclərin tərbiyəsində daha fəal iştirak etsinlər.
Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, Cümə məscidinin imamı Şahzadə Bilalov mərasimlərimizin QMİ-nin məsləhəti əsasında necə keçirilməli olduğu barədə ətraflı məlumat verdi, rayondakı dini durumla bağlı fikirlərini iştirakçılarla bölüşdü.
Lahıcdakı Zəvəro məscidinin axundu Hüseynağa Kamilzadə, Qubaxəlilli dini icmasının sədri Zülfüqar Məmmədov, molla Ağakərim Novruzov, Sumağallı dini icmasının sədri Hüseyn Xəlilov, molla Xalid Məmmədov, şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov və başqaları çıxış etdilər. Məclisin aparılması bilavasitə din  xadimlərinin ixtiyarına verildiyi üçün  onlardan dəyərli təkliflər alındı.
Sonda toplantı iştirakçıları adından  rayonun bütün əhalisinə müraciət qəbul olundu.

Keçidlər