Hamının ehtiyac duyduğu görüş
Qəsəbə və kəndlərimizdə yaşayan insanlar həmişə birbaşa rayon rəhbəri ilə ünsiyyətdə olmaq istəyiblər. Arzulayıblar ki, onları dinləsinlər, fikirlərini eşitsinlər, problemlərinin həllinə, sosial həyatlarının yaxşılaşdırılmasına yardımçı olsunlar. Hamıda razılıq yaradan odur ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov belə ünsiyyətə daha çox ehtiyac duyur və görüş-qəbullar keçirir. Bu günlərdə Təzəkənddə 150 nəfərdən çox kənd sakini ilə görüş-qəbulda özünü göstərdi. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərinə müraciət edərək dedi:
Mən möhtərəm cənab prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrini məsuliyyətlə yerinə yetirmək əzmindəyəm. Problemləriniz mənə tanışdır. Vəziyyətin yaxşılaşması üçün birinci növbədə torpağa münasibət dəyişməlidir. Ona iş yeri və gəlir mənbəyi kimi baxılmalıdır. Qüvvələri bir yerə qoyub fermer təsərrüfatı yaratmaq, 10-15 nəfəri də işlə təmin etmək istiqamətində fəaliyyət qurulmalıdır. Mənə məlumdur ki, kəndinizdə maldarlıq, quşçuluq və arıçılıq üzrə fermer təsərrüfatı yaratmaq istəyənlər var. Biznes planlarınızı təqdim edin, banklar da 200 min manata qədər kredit verir. Bir çox problemlərin kənddə həlli üçün icma yaradılmalı, ağsaqqallar onu idarə etməlidir.
Onu da xatırladım ki, hər bir məsələdən ötrü rayon icra hakimiyyətinə gəlməyə ehtiyac yoxdur. 164 nömrəli qaynar xətt telefonu sizin xidmətinizdədir.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonra qəbula gələnləri dinlədi. Qarabağ müharibəsi əlili Vaqif Bağıyev evlə əlaqədar sözü olduğunu diqqətə çatdırdı. Mirdaməd müəllim dedi ki, sənin problemin mənə bəllidir. Sən ən şirin şey olan canını bizim yolumuzda qoymusan. Rayon mərkəzində yaşayış binası tikilsə, oradan ev alacaqsan, yoxsa kənddə sənin üçün ev tikəcəyik. Ailən, övladların hər cür qayğıya layiqdir.
Əli Səmədov müharibə veteranı olaraq uyğun olmayan imtiyazlar istədi. Məşğulluq mərkəzinin direktoru Rüstəm Səmədova tapşırıldı ki, Ə. Səmədova iş versin (İndi işləmək istəyənlər üçün iş yeri problem deyil).
Saday Səfərov yaşadığı evin arxasından qrunt sularının axdığını, Qurban Ağayev həyətyanı torpağının olmadığını bildirdi, İdris Abbasov Qaraqaya kəndinə qaz çəkilməsini və ümumi orta məktəbin tam orta məktəbə çevrilməsini xahiş etdi. Qaldırılan məsələlərlə əlaqədar müvafiq sahə rəhbərlərinə tapşırıqlar verildi.
Dini ayinlərin icraçısı Mehman Babayev məscidin dövlət qeydiyyatından keçirilməsini xahiş etdi.
RİH-nin başçısı qeyd etdi ki, hər kəs dini inancında azaddır, dini ayinlərin icrasında kimsə kiməsə mane ola bilməz. Dini icma da Qanunla - “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə idarə olunmalıdır.
Ehtiyatda olan zabit Eynulla Bağırov yüksək gərginlikli elektrik xəttinin yaşayış massivindən çıxarılmasının və qazın artırılmasını xahiş etdi.
Bu məsələlərlə əlaqədar müvafiq tapşırıq verildi.
Yardım istəyənlərə, evinin təmirinə köməklik umanlara iş qurmaq, yaranan iş yerlərində işləmək təklif olundu. Bildirildi ki, Novruz bayramında hamının imkanı olacaqdır ki, Milli bayramımızı arzu etdiyi səviyyədə keçirsin. Biz bir-birimizə dayaq olmalıyıq.
Bununla da görüş-qəbul başa çatdı.