Uşaq əməyinin istismarının qarşısının alınmasına dair seminar keçirilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı(2013-2015-ci illər)” təsdiq edilmişdir. Tədbirlər Planının icrası istiqamətində uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması məqsədilə ölkə üzrə regional təlim görüşlərinin İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri 27 avqust 2014-cü il tarixində İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində reallaşdı.
Təlimlər yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların əməkdaşları üçün təşkil edilmişdi.
Seminarı giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsi əməkdaşları Pərviz Əliyev, Fərid Ədilov, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndəsi Qalib Nəbiyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və başqaları çıxış edərək uşaq əməyinin istismarının qarşısının alınması sahəsində fikir və təkliflərini bildirdilər.
Konstitusiyanın 17-ci maddəsinin V bəndi və Əmək Məcəlləsinin 249 maddəsində göstərilir ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycanda uşaq əməyi ilə bağlı təhlillər göstərir ki, əsasən uşaqlar kənd təsərüffatı sahələrinə, ticarət və iaşə obyektlərinə və dilənçiliyə daha çox cəlb olunurlar.
Çıxışlarda uşaq əməyinin istismar olunmasının əsas səbəbi kimi valideyinlərin məsuliyyətsizliyi göstərildi. Həmçinin vurğulandı ki, uşaq əməyinin yaratdığı fəsadlar sağlamlıq problemi, təhsildən yayınma,əmək bazarında qeyri-bərabərlik, və.sairdir. Seminarda bundan sonra maarifləndirmə tədbirlərinin əhali arasında təbliğat işinin gücləndirilməsi qeyd olundu.