Lahıcı sevək, qoruyaq, inkişaf etdirək
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti səfəri doğulub boya-başa çatdığı, tarixi və coğrafi baxımdan ucalıqda duran Lahıc qəsəbəsinə idi. Əhali ilə görüşəcək, onlarla Lahıcın qorunması və inkişafı yolları barədə məsləhətləşəcək, hər kəsi dinləyəcək, mümkün olan problemlərini həll edəcəkdi.
21 mart 2013-cü il saat 1500. Orta məktəbin böyük foyesinə gələnlər buraya sığmır. Son 15 ildə Lahıcda belə gur toplantı görməmişdik.
Mirdaməd müəllim görüş-qəbula gələnləri Novruz bayramı münasibətilə ürəkdən təbrik etdi. Sonra dedi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni qəbul edərkən İsmayıllı əhalisi barədə yüksək fikirlər bildirdi, xüsusilə sizə - Lahıc camaatına səmimi hörmət və ehtiramını çatdırmağı mənə tapşırdı. Rayonu inkişaf etdirməyi, bu prosesdə Lahıc, Basqal, İvanovka və Qalacığa daha çox diqqət və qayğı ilə yanaşmağı əsas vəzifə kimi qarşıya qoydu.
Bu gün görüşməkdə məqsədim sizinlə məsləhətləşmək, Lahıcın qorunması və inkişafı, mövcud problemlərin birgə həlli üçün yollar müəyyənləşdirməkdir. İndiyədək 20 kənddə, şəhərin 4 məhəlləsində olmuşam, bir neçə pedaqoji kollektivlə görüşmüşəm.
Əvvəllər də mütəxəssis dostlarla, Lahıc sevənlərlə qəsəbəmizi inkişaf etdirmək üçün özəl proqramlar hazırlamışıq. Orta məktəb barədə fikirlərimiz olub. Necə edək ki, yenə də buradan elmlər doktoru, akademik çıxsın? Xalq sənətkarlığı süquta uğramasın. Milli-mənəvi dəyərlərə söykənən ənənələr davam etdirilsin. Yersiz əmlak və mülk mübahisələri olmasın. İnsanlar iş yeri tapsınlar, zərərli vərdişlərdən uzaqlaşsınlar. Ələbaxımlıq psixologiyasına son qoyulsun. Məktəb geriləməkdə davam etməsin. Etiraf edək ki, problemləri özümüz yaratmışıq, özümüz də onları həll etməliyik.
Mən müəyyən etmişəm ki, son üç ildə Respublika təşkilatlarına Lahıcdan ərizə gedib. Bu, yazanların yox, İnzibati ərazi dairəsi üzrə nümayəndənin, bələdiyyənin, digər təşkilatların təqsiridir.
Lahıcda ticarətin təşkili də tam nəzarətsizdir. Göy-göyərti, ət, ərzaq küçədə satılır. İcra nümayəndəsi və bələdiyyə Lahıcın qorunması üçün heç bir iş görmür. Əraziyə gələn bütün qonaqlar maşınlarını qəsəbənin istənilən yerinə sürür.
Bilirəm ki, torpaq alarkən, hər hansı bir təyinatlı tikinti apararkən incidilmisiniz. Çoxsaylı məhkəmə çəkişmələrinə cəlb olunmusunuz. Bütün bunlar keçmişdə qaldı. Biz sizinlə birgə yalnız irəliyə baxmalıyıq.
Birinci növbədə xalq sənətkarlığı bir yerə cəmləşməli, birlik, assosiasiya və ya şirkət formasında fəaliyyət göstərməli, kredit alıb inkişaf etməlidir.
Suvenir fabrikinin rəhbərliyi ilə danışılıb. Gümüş məmulatları hazırlayan müəssisə açmaq fikrindəyik. Bakıda kurs təşkil olunacaq, bir qrup orada sənəti öyrənəcək, onlar da Lahıcdakı gəncləri öyrədəcəklər.
İsmayıllıda kompüter zavodunun filialı açılacaq. Tətbiqi elm sahibləri burada cəlb ediləcək.
Qəsəbənin girəcəyində 300 metr uzunluğunda qoruyucu bənd tikiləcək, arxası torpaqla doldurulacaq və gələn maşınlar orada dayanacaq. Turistlər bütövlükdə tarixi abidə olan Lahıca ödənişli əsasda gələcəklər.
İmkan var ki, dövlət 40 milyona qədər kredit versin. İş adamları ortaya çıxmalı, kənd təsərrüfatının uyğun sahələri üzrə kooperativlər yaratmalı, biznes-planlar təqdim edib kredit almalıdırlar. Düşünməliyik, yardımla çox uzağa getmək olmaz. İş görməli, iş qurmalıyıq.
Rayonumuzun öz televiziyası olacaq. Rayon sakinləri üçün informasiya bolluğu yaranacaq. Həm də yeni iş yerləri açılacaq.
Lahıc xalça fabriki bərpa olunacaq, məhsulların satışı üçün bazar tapılacaq. Bu müəssisə xalqındır, xalqa da xidmət edəcək.
Lahıcın su probleminin həlli, əhalinin məşğulluğunun artırılması, xalq sənətkarlığı növlərinin bərpası və inkişafı, təhsil və səhiyyə ilə bağlı tikintilərin aparılması, Lahıc mədəniyyətinin, mənəvi, tarixi dəyərlərinin qorunması və digər istiqamətlər üzrə proqramlar hazırlanacaq.
Hər bir sahədə şəffaflıq, düzlük, haqq-ədalət hökm sürəcək.
Hüquqi baxımdan torpaqların monitorinqi keçiriləcək. Buraxılan səhvlər, yolverilən nöqsanlar qanuni əsasda aradan qaldırılacaq.
Nöqsanların biri də odur ki, məktəb ali təhsilə gənclərin istiqamətlənməsində illərlə Lahıcın ehtiyaclarını nəzərə almayıb. Odur ki, indi xəstəxanada 3 həkim və 3 tibb bacısı çatışmır.
Müəyyən etdiyimiz işlərin görülməsində artıq indidən Lahıca kömək edənlərə təşəkkürümü bildirirəm. Biz rayonumuzu, qəsəbəmizi birgə qüvvə ilə inkişaf etdirməliyik.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışından sonra görüşə gələnləri səbirlə, səmimiyyətlə dinlədi. Çoxsaylı müraciətlər oldu. Tam təfsilatını vermədən demək istərdim ki, hər bir müraciətə həssaslıqla yanaşıldı, icrası mümkün olan problemlər yerindəcə həll edildi, aid idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verildi.
Mirdaməd müəllim bir daha xahiş etdi ki, hər bir məsələdən ötrü kiminsə rayon mərkəzinə gəlməsinə ehtiyac yoxdur. 164 nömrəli qaynar xəttə zəng edib şikayətini, təklifini desin. Hər bir müraciətin nəticəsi barədə zəng edən vətəndaşa vaxtında məlumat veriləcək.
Görüş-qəbuldan sonra RİH-nin başçısı Mirdaməd Sadıqov son tamamlama işləri aparılan xəstəxanaya getdi, buranın təchizatı, yolu və ətrafının tərtibatı ilə bağlı məsləhətlərini verdi.