Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı müəllimlərinin konfransı.

09 sentyabr 2014 | 15:00

Rayonun 81 ümumtəhsil məktəbi vardır. Onlardan 46-sı tam, 22-si ümumi orta, 13-ü ibtidai məktəbdir. Bu məktəblərdə 1531 müəllim 11200 şagirdin təhsili ilə məşğul olur. Təlimin təşkilinə  məsuliyyətlə yanaşmanın,  mövcud ənənələrin  davam etdirilməsinin, müasir təlim  metodlarının,  tədrisin keyfiyyətinin  yaxşılaşdırılması yollarının tətbiqinin  nəticəsidir ki, ümumtəhsil  məktəblərinin  keyfiyyət göstəriciləri ildən-ilə  yaxşılaşır, elmi tutumlu sahələrə, rayon üçün  vacib ixtisaslara yiyələnməyə  tam orta  məktəb məzunları daha  həvəslə gedirlər. Son beş ildə 8 yeni məktəbin əsaslı təmir olunması, isitmə sistemlərinin qaydaya salınması tədris şəraitini  yaxşılaşdırır. Bu da şagirdlərin  təlim əməyini səmərəli edir. Nəticələrə diqqət  yetirdikdə bir daha  aydın olur ki,  İsmayıllı məktəbləri  və müəllimləri üzərlərinə düşən vəzifələri məsuliyyətlə  yerinə yetirirlər. Qəbul imtahanlarının  nəticələrinə görə  rayon abituriyentlərinin orta balı 236,7 olmuşdur. 275 nəfər ali məktəblərə müvəffəqiyyətlə  imtahan verərək tələbə adını qazanmışdır. Onların 21 nəfəri 600-dən yuxarı bal toplamışdır. 4 nəfər tam orta məktəbi qızıl medalla başa vurmuşdur.
    5 saylı şəhər tam orta məktəbi xüsusilə daha yüksək nailiyyətlər qazanmışdır.  Məzunlarının 8 nəfəri 600-dən çox bal toplamış, 2 nəfər şagird qızıl medala layiq görülmüşdür. Şəhla Abdullayevanın  2014-cü il uğuru 3 qat olmuşdur. O, Respublika Olimpiadasının  qalibi olmuş, Qızıl medal almış və 674 bal toplayıb, Tibb Universitetinə  daxil olmuşdu.
     İsmayıllı rayonu ərazisində 10 uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər  yaşlı uşaqların  cəmi 6-7 faizini əhatə edən  bağçaların sayı çox azdır. Bunu nəzərə alan rayon  İcra HAkimiyyəti son il yarımda 3 uşaq bağçasının tikilməsinə nail olmuşdur. Bu sahədə də çox problemlər qalmaqdadır. Rayon təhsil şöbəsinin müdiri Rasim Orucovun konfransdakı məruzəsində bütün bunlar əksini tapmışdır.
     683 balla Tibb Universitetinin müalicə  işi fakültəsinə qəbul olunan Qüdrətli Qəmər dövlətimizə, cənab Prezident  İlham Əliyevə gənclərə, təhsilə göstərdiyi  tükənməz qayğıya, müəllimlərə çəkdikləri zəhmətə görə minnətdarlıq etdi
Talıstan kənd orta məktəbinin direktoru Aydın Əzizov, Yaponiyanın  İto şəhərinə səfər etmiş şəhər 1 saylı tam orta  məktəbin  şagirdi Şamxal  İsmayıllı, yeni təsis edilmiş texniki və təbiət fənləri üzrə liseyin  direktoru Əhmədağa Ələkbərov, İvanovka kənd beynəlmiləl tam orta məktəbinin direktoru Mixail Uryupin, şəhər 1 saylı tam orta məktəbin  ingilis dili müəllimi  Aytəkin Əhmədova çıxış edərək təhsilin  inkişafının  keyfiyyətcə yüksəlməsi yollarından yeni düşüncə əsasında danışdılar.
   Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  çıxışını daha çox  problemlər, həlli vacib məsələlər üzərində qurdu. Məktəb direktorlarına, müəllimlərə şəffaf, səmərəli, ölkəmiz üçün çox gərəkli olan fəaliyyət arzuladı.
    Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudun Qurbanov konfransda çıxış etdi.
     5 nəfər müəllimə RİH başçısının fəxri fərmanı və pul mükafatı verildi.

Keçidlər