Qalınçaq kəndində yeni məktəb binasının açılışı oldu
Yeni dərs ili ərəfəsində, 8 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində 360 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Xalid Seyidov açdı və sözü RİH başçı cənab Mirdaməd Sadıqova verdi. M.Sadıqov ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, təhsil, səhiyyə sahəsindəki uğurlardan, rayonumuzda gedən tikinti abadlıq işlərindən danışdı. İsmayıllıda təhsilin uğurlu nəticələri barədə məlumat verdi, Qalınçaq kənd tam orta məktəbinin pedaqoji kollektivini, şagirdləri təbrik etdi.
Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firidun Qurbanov çıxış edərək Azərbaycan təhsilinin yeni aspektləri barədə danışdı, Respublikamızda 2500-dən çox məktəbin tikildiyini qeyd etdi.
Kənd ağsaqqalları, valideynlər çıxış edərək kəndə çəkilmiş yeni asfalt yolla bağlı, istifadəyə verilən məktəb binası ilə əlaqədar ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.
Rayon rəhbərliyi və qonaqlar məktəblə, sinif otaqları ilə tanış oldular.