İsmayıllıda Ağsaqqallar Şurasının regional yığıncağı
Azərbaycan Ağsaqqallar Şurası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 10-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində ağsaqqallarla gənclərin görüşünə həsr olunmuş “İctimai-siyasi həyatda ağsaqqalların rolu” mövzusunda regional yığıncaq keçirilib.
İsmayıllı və daha 8 bölgədən - Qəbələ, Şamaxı, Qobustan, Ucar, Ağsu, Göyçay, Ağdaş və Oğuz rayonlarından ağsaqqal şuraları sədrlərinin, gənclər və idman idarələri rəislərinin, habelə fəal ağsaqqal və gənclərin qatıldığı tədbirin iştirakçıları ilk öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və çiçəklər qoyaraq ulu öndərə öz ehtramlarını bildiriblər.
Regional yığıncağı giriş sözü ilə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov açıb. Natiq tədbirin əhəmiyətindən danışaraq bu cür görüşlərin yaşlı nəslin nümayəndələrinin son dərəcə zəngin olan həyat təcrübəsinin öyrənilməsində, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, onlarda dövlətçiliyə sədaqət, ölkənin inkişafında daha fəal iştirak etmək kimi hisslərin formalaşmasında və güclənməsində böyük önəm kəsb etdiyini vurğulayıb.
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı F.Heydərov bu gün Azərbaycanın dünyanın ən sabit, ən surətlə inkişaf edən ölkəsi olduğunu söyləyərək buna heç də asanlıqla nail olunmadığını deyib və bunun böyük vətənpərvər, siyasətçi, dövlət xadim, ümummilli lider Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti sayəsində qazanıldığını vurğulayıb. Diqqəti ötən əsrin 70-ci ilərində ulu öndərin siyasi hakimiyyətə gəlişinin birinci dövrünə cəlb edən natiq o vaxt ölkənin sürətli inkişaf yoluna çıxarıldığını, üzüm istehsalının rekord həddə, taxıl istehsalının 1 milyon tona çatdırıldığını, məişət kondisionerləri zavodu kimi iri istehsal sahələrinin açıldığını bildirib.
Keçən əsrin 90-cı illərində Azərbaycana qarşı məkrli niyyətlərdən danışaraq söyləyib ki, Qarabağ müharibəsinə ölkəmizdən 20 min insan cəlb olunub, torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyon soydaşımız zorla qovularaq qaçqın və məcburi köçkün halına salınıb.
Ağsaqqallar Şurasının sədri o vaxtkı hadisələr ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi, qısa müddətdə ölkədə sabitliyi bərpa etməsi, Azərbaycanı dinamik inkişaf yoluna çıxarması barədə, ölkəmizin gələcəyi olan gənclərin tam, düzgün məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb, bütün bunların gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi önəm daşıdığını söyləyib. Gənclər gözəl gələcəyə hazırlanmalıdır deyən natiq bu sahədə yaşlı nəslin nümayəndələrinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Fəttah Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, bu sahədə gənclərin böyük qüvvə olduğunu vurğulamış, Azərbaycanın gələcəyinin məhz gənclərin bilik və bacarıqlarından , yüksək vətəndaşlıq mövqelərindən asılı olduğunu bildirmişdir. Təbii ki, bu sahədə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə, ağsaqqal öyüd-nəsihətinə, ağsaqqal xeyir-duasına daim ehtiyac olmuş və olacaqdır: - istər ailədə, istərsə də cəmiyyətdə.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ağsaqqallarla gənclərin vəhdətindən yaranan inkişaf sürətindən, ulu öndər Heydər Əliyevin böyük dəyər verdiyi İsmayıllının yüksəlişinə cənab Prezident İlham Əliyevin göstərdiyi tükənməz qayğıdan, rayonda gedən tikinti-quruculuq-abadlıq işlərində məlum kontingentin fəal iştirakından, gənclərin intellektual səviyyəsinin artması üçün həyata keçirilən tədbirlərdən, bir çox layihələrin qəbulunda ağsaqqallarla və gənclərlə məsləhətləşmələrdən danışıb.
Akademik Teymur Bünyatov və professor Sudeyif İmamverdiyev dərin məzmunu, tarixliyi və müasirliyi ilə seçilən çıxış ediblər.
Yığıncaqda Prezident İlham Əliyevə yekdilliklə müraciət qəbul olunub.
Rayon Ağsaqqallar Şurası sədrlərinə Respublika Ağsaqqallar Şurasının Fəxri Fərmanı, yığıncaq iştirakçılarına Rayon İcra Hakimiyyətinin hədiyyələri verilib.