Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İdarəetmə məktəbi ”təsis olundu

23 mart 2013 | 16:00

23 mart 2013-cü il çox dəyərli, hadisə səviyyəli bir tədbirlə rayonumuz üçün əlamətdar oldu. 70 nəfərə qədər Heydər Əliyev epoxasında təcrübə qazanmış ağsaqqalların, indi idarəetmədə fəaliyyət göstərən insanların iştirak etdiyi təsis yığıncağı Heydər Əliyev mərkəzinin konfrans zalında keçirildi. Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı, Heydər Əliyev irsinin öyrənilməsi və idarəetmədə tətbiqində çox zəngin təcrübə toplamış Mirdaməd Sadıqov açdı. Qeyd etdi ki, rayonun sosial-iqtisadi həyatının daha yaxşı olması üçün indiyə qədərki vəziyyəti dərindən təhlil etmiş, o nəticəyə gəlmişik ki, təşkilatlanma, əhalinin informasiya təminatı zəif olub. İdarəetmədə təcrübə öyrənilməyib, nöqsanlara yol verilib. Aradan qaldırılması vacib olan problemlərin üstünə yeniləri gəlib. Hər bir orqan, hər bir təşkilat vəzifəsini lazımınca yerinə yetirsəydi, hər bir sahədə qanunçuluq, hüquq normaları gözlənilsəydi, bu günkü gerilik baş verməzdi.
Ekoloji tarazlıq pozulub, torpaqlarımızın bir hissəsi, meşələrimiz sıradan çıxıb. Meşə materialları üç istiqamətdə rayondan kənara daşınıb, lakin bu hal kimisə narahat etməyib.
Ticarətin təşkilindən necə danışmaq olar ki, əhalinin sayına görə İsmayıllı şəhərində 70 mağaza əvəzinə 650 köşk dükan vardır. Şəhər əhalisinə xidmət etmək üçün 90 taksi bəs edər. Əksəriyyəti köhnə olan, ekoloji baxımdan ziyanlı 300-dən çox maşın taksi kimi işləyir. Sosial-iqtisadi həyatın hansı istiqamətinə baxırıqsa, orada idarəetmə prinsiplərinin pozulduğunu görürük. Bütün bunları ona görə diqqətinizə çatdırıram ki, bundan sonra idarə olunmayan heç bir sahə qalmayacaq. Yalnız inzibati idarəetmə yolu ilə kifayətlənməyəcəyik. ASAN xidməti az zamanda yaradılacaq, idarəetməyə, dövlət qulluğuna intellektual səviyyəsi yüksək olan gənclər cəlb ediləcək. Dəfələrlə təkrar etməli oluram: hər kəsin fiziki imkanlarına uyğun iş yerləri yaradılacaq. Bütün həyat istiqamətlərində, hər bir təşkilatın fəaliyyətində şəffaflıq yaradılacaq (artıq yaradılır), hər bir sahədə iş yalnız əsil mütəxəssislərə veriləcək, gənclərə daha çox istinad ediləcək, ağsaqqalların təcrübəsinə, məsləhətinə həmişə ehtiyacımız olacaq. Bütün bunların reallığa çevrilməsi üçün ideoloji mərkəz yaradılmalıdır. Bu ideoloji mərkəzi də mən “Heydər Əliyev İdarəetmə Məktəbi”ndə görürəm. Təklifim odur ki, sizin iştirakınızla “Heydər Əliyev İdarəetmə Məktəbi”ni təsis edək. Oraya daha çox təcrübəli ağsaqqalları, ağbirçəkləri seçəcək. Onların sözü, mövqeyi, məsləhətləri, qəbul edəcəkləri qərarlar ümumi işimizin yaxşılaşmasına xidmət etsin, büdcə layihəsinin icrasına, rayonda gedən işlərə onların nəzarəti səmərəli olsun, rayonun sosial-iqtisadi inkişafı proqramları Heydər Əliyev irsi ilə əlaqələndirilsin.
Rayonun sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə proqramlar bundan sonra Heydər Əliyev irsindən, onun müəyyən etdiyi konsepsiyadan qaynaqlanacaq. Hər bir sahə üzrə ümummilli liderin təcrübəsinə əsaslanaraq məruzə hazırlanacaq və ayda bir dəfə məktəbin seminarına təqdim olunacaq. Məktəb imkan verəcək ki, idarəetmədə ictimaiyyətin fəal iştirakı olsun, dəyərli təcrübə, düşüncəli məsləhətlər qəbul edilsin və əməldə tətbiqini tapsın.
Mirdaməd müəllim çıxışından sonra “Heydər Əliyev İdarəetmə Məktəbi”nin təsis edilməsini səsə qoydu və yekdilliklə qərar qəbul olundu.
RİH-nin başçısı Mirdaməd Sadıqovun sədrliyi ilə “Heydər Əliyev İdarəetmə Məktəbi”nin 15 nəfərdən ibarət idarə heyəti seçildi. Təcrübəli təhsil işçisi, məsələlərə hər zaman dövlət mövqeyindən yanaşan, Heydər Əliyev siyasətinə sədaqət göstərən Fərman Bəşirov Məktəbin icraçı direktoru oldu.
Təsis yığıncağı ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı hazırlanmış videomaterialın nümayiş etdirilməsindən sonra başa çatdı.

Keçidlər