“Neftçilər günü” peşə bayramı “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində qeyd olundu.
Bayram tədbiri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başladı. Tədbirə mütəşəkkil, uğurlardan sevinərək gəlmiş rayon ictimaiyyətinin nümayəndələri və qaz istismarı sahəsinin işçiləri bayram təntənəsinin davamı üçün Heydər Əliyev mərkəzinə gəldilər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açaraq dedi:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən dövlət neft siyasəti ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının təntənəsidir. Odur ki, biz bu gün “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində “Dövlət neft siyasəti Heydər Əliyevin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının təntənəsidir” mövzusunu neftçilərin peşə bayramının qeyd olunması tədbirində öyrənirik.
Təqvimin 20 sentyabr günü Azərbaycanın müasir tarixinə ölkəmiz və xalqımız üçün misilsiz əhəmiyyəti olan parlaq bir hadisənin baş verdiyi gün kimi düşmüşdür. Düz 20 il bundan qabaq -1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi və Hasilatın pay bölgüsü haqqında” məşhur saziş imzalandı. Dünyanın 7 ölkəsinin 11 iri neft şirkəti ilə ARDNŞ-in iş birliyini rəsmiləşdirən ulu öndərimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı yeni neft strategiyasının həyata keçirilməsi və Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi yolunda ilk mühüm addım oldu. 2001-ci ildə isə ümummilli liderimiz “Əsrin müqaviləsi”nin imzalandığı günün ölkəmizdə Neftçilər günü kimi bayram edilməsi barədə fərman verdi.
“Neftçilər günü” peşə bayramını biz Ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsindən doğan sevinc şəraitində “Heydər Əliyev idarəetmə məktəbi”nin dinləyiciləri ilə bir yerdə qeyd edirik.
Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan rayon qaz istismarı sahəsinin əmək kollektivinin timsalında ölkəmizin bütün neftçilərini ürəkdən təbrik edirəm. Hər birinizə ölkəmizin, bölgəmizin inkişafında daha böyük uğurlar arzulayıram.
“Neftçilər günü” peşə bayramı ilə əlaqədar rayon qaz istismarı idarəsinin rəisi Eldar Səlimzadə məruzə etdi.
Sahənin mühasibi Murad Ağamalıyev işlədiyi kollektiv adından göstərdiyi qayğı və yaratdığı şəraitə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq nitqi söylədi. Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi ki, sahənin, sahə işçilərinin hər bir probleminin həllində həmişə yardımçı olur.
Dövlət qulluğu veteranı Valeh Salehov və Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov “Neftçilər günü” münasibətilə toplananları təbrik etdilər. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının təntənəsindən danışdılar.
Bayram iştirakçılarının bir qrupuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və pul mükafatı təqdim olundu.
Hər yaşanan günü bir bayrama bənzər Azərbaycanın mirvarisi olan İsmayıllıda daha təntənəli bir bayram günü yaşandı.