Məişət zorakılığına yox, erkən nikaha son!
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi tərəfindən “Məişət zorakılığına yox, erkən nikaha son” adlı layihə çərçivəsində 11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində təlim keçirilmişdir. Təlimdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ictimai həyatında fəal olan gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə RİH-nin ictimai siyasi və humanitar şöbənin baş məsləhətçisi Nəsimi Teymurov açaraq gələn qonaqları salamlamış, İsmayıllı rayonunda gənclərin maarifləndirilməsi sahəsində aparılan işlərdən, qazanılan uğurlardan danışmışdır. Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı, ictimai birliyin İsmayıllı rayonu üzrə koordinatoru Tərlan Mursalov layihənin gənclər üçün önəmindən danışmışdır.
İctimai Birliyinin icraçı direktoru Əbdül Məhərrəmov məişət zorakılığı anlayışı, məişət zorakılığına qarşı mübarizə üsulları,dövlət tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlar, erkən nikahın meydana çıxardığı mənfi fəsadlar haqqında ətraflı məlumat vermişdir.Sonda Ə.Məhərrəmov tədbirin təşkilatçılığına görə Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmiş, təlimdə fərqlənən gənclərə sertifikat verilmiş və xatirə şəkli çəkilmişdir.