Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial layihələrin təqdimatı

26 mart 2013 | 16:00

İdarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, tanınmış ziyalılar, məktəb direktorları, İƏD üzrə nümayəndələr, iş adamları, sahibkarlar, bələdiyyə sədrləri, mütəxəssislər yenə də “Gənclər mərkəzi”nin akt zalına toplaşıblar. RİH-nin başçısı Mİrdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı proqramı və bu proqram əsasında hazırlanmış layihələrlə hamını tanış etmək, düşünən hər kəsin təklif və məsləhətlərini almaq istəyir.
Öz doğma bölgəsinin inkişafı marağında olan dəvətlilərin hamısı gəlib.
Mirdaməd müəllim çıxışına başlayaraq deyir:
Bir ay 10 gün müddətində bütün istiqamətlər üzrə təhlillər aparılıb. Ürəkaçan bir nəticəyə rast gəlinmir. Yeni-yeni layihələrin icrası az vaxtda rayonun simasını tamamilə dəyişəcək. İstərdik ki, layihələrdən hamının xəbəri olsun, siz də öz məsləhət və təkliflərinizi verəsiniz. Nəzərə alın ki, rayonumuzda sənaye istehsalı yox dərəcəsindədir, fabrik-zavod yoxdur, iş yerləri açılmayıb. Dövlətin 40 milyon manata yaxın kredit ayırmaq imkanı var. Bunu yeni istehsal, emal sahələrinə, iri təsərrüfatlar yaradılmasına istiqamətləndirmək vacibdir. Hər şey yenidən qurulmalıdır.
Mübariz Orucov küçəsində qaz xətləri gülünc bir layihə əsasında çəkilib. Cavanşir, Babək, Axundov küçələri bərbad vəziyyətdədir. Prospekt başdan-başa abadlaşdırılmalıdır. 30-40 il bundan əvvəl Nizami Gəncəvi küçəsində tikilmiş ikimərtəbəli yaşayış evləri istifadə müddətini başa vurduğu üçün söküləcək, yerində yeni 5 mərtəbəli binalar tikiləcək.
Mirdaməd müəllim çıxışından sonra yeni layihələr monitorda göstərildi və şərh edildi.

  • Beşmərtəbəli yaşayış binaları. Birinci mərtəbələrində ticarət və digər xidmət növləri yerləşəcək.
  • Şəhərin girəcək hissəsi. İşlər başlanılmışdır və hər iki tərəfdən piyadalar üçün səkilər tikilir. Şəhərə daxil olanlar yüksək zövqlə yaradılmış gözəlliklərlə rastlaşacaqlar.
  • Rayon Mədəniyyət Mərkəzinin müasir üslubda yenidən qurulması və əsaslı təmiri. İşə artıq başlanılmışdır.
  • Heydər Əliyev prospekti ilə Mübariz Orucov küçəsi arasında YAP rayon təşkilatı üçün yeni binanın layihəsi. Ziddiyyəti görmək üçün köhnə bina da monitorlarda göstərildi. Bu günlərdə işə başlanılacaq.
  • Bütün binaların və bəzi mərkəzi küçələrin İtalyan üslubunda işıqlandırılması. Rəşid Mahmudov və Cavad Məmmədov küçələrinin abadlaşdırılması və işıqlandırılması.
  • 2 saylı məktəbin köhnə binasının yerində 140 yerlik ən müasir uşaq bağçasının tikintisi. İlkin işlərə başlanılmışdır.
  • Mican ərazisindəki uşaq bağçasının inşası. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilir. Rayonda bir il müddətinə 1000 yerlik uşaq bağçası tikiləcək.
  • Üç yerdə tikiləcək yüngül konstruksiyalı, hər cür şəraiti olacaq xeyir-şər evinin tikintisi.
  • RİH binasının müasir üslubda yenidən qurulması, təhsil şöbəsinin binasının  milli və müasir üslubda yenidən qurulması.
  • Ağsaqqallar-ziyalılar evinin tikintisi.
  • Köhnə mehmanxananın yenidən inşası.
  • Rayon mətbəəsinin açılması.
  • Keçmiş peşə məktəbinin yaxınlığındakı beton zavodunun yaşayış massivindən köçürülməsi.
  • Türkiyədən 30 ədəd dayanacağının gətirilməsi.

Layihələrin şərhindən sonra toplantı iştirakçılarına müraciət edildi. Təklif olundu ki, hər kəs onu düşündürən məsələlərə dair layihələr versin. Bəyənilərsə kredit alınmasına yaxından köməklik göstəriləcək.
Görülən işlərdən, həyata keçiriləcək layihələrdən məmnunluq hissləri yaşayan toplantı iştirakçıları  inkişaf və yüksəliş proqramlarının icrasında daha fəal iştirak edəcəkləri düşüncəsi ilə “Gənclər mərkəz” indən getdilər.

Keçidlər